“Dərs ili sentyabrın əvvəlində başlasın”
BAXCP İdarə Heyəti: “Tədris prosesində uzunmüddətli fasilənin yaranması təhsillə bağlı olan bir çox vərdişləri yadırğalamalarına səbəb olur”

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə
Heyətinin iclası keçirilib. İclasda ictimai-siyası vəziyyət, təşkilati
məsələlər, təhsil, iqtisadiyyat və digər iqtiqamətlər üzrə müzakirələr
aparılıb.



BAXCP İdarə Heyətinin iclasında dərs ilinin başlanması ilə
bağlı məsələyə də toxunulub və dərs ilinin sentyabrın əvvəlindən başlanılması
ilə bağlı hökumətə növbəti dəfə çağırış edilib. Bununla bağlı BAXCP İdarə
Heyətinin açıqlamasında deyilir: “Tədris prosesində uzunmüddətli fasilənin
yaranması şagirdlərin oxuma və öyrənmə, dərs rejiminə alışmaq kimi təhsillə
bağlı olan bir çox vərdişləri yadırğalamalarına səbəb olur. Məhz bu səbəbdən
dünyanın əksər ölkələrində yay tətilinin müddəti 45 gündən çox deyil. Digər
tərəfdən, son illərin hava proqnozu da sentyabrın ilk günlərindən havaların
sərin keçdiyini göstərir”. BAXCP İdarə Heyətininin açıqlamasında Milli Məclisin
müzakirəsinə çıxarılacaq 2020-ci ilin dövlət büdcəsi ilə bağlı təkliflər də
səsləndirilib. Qeyd olunub ki, büdcədə elmə və təhsilə ayrılması nəzərdə
tutulan vəsaitlər nəzərəçarpacaq səviyyədə artırılmalıdır: “Çünki cəmiyyətin
mədəni və intellektual səviyyəsinin yüksəldilməsi elm və təhsilin inkişafından
asılıdır”. BAXCP İdarə Heyəti hökuməti təhsil kreditləri ilə bağlı məsələni
islahatların prioritet istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlamağa
çağırıb.