“Gülənçilər məni Pensilvaniyaya dəvət etdi...” -Deputat
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Fətullah Gülən hərəkatının Azərbaycandakı fəaliyyəti ilə bağlı “Qafqazinfo”ya müsahibəsi

- Söhbətimizə 2009-cu ildə "Gülüstan" sarayında Fətullah Gülən şəbəkəsinin əsas təşkilatlarından biri olan Dialoq Avrasiya Platforması (DAP) və eyni təyinatlı "Dialoq Avrasiya" jurnalının Azərbaycanda 10-cu ildönümü münasibətilə keçirilən tədbirdən başlamaq istəyirəm. Həmin tədbirdə siz də iştirak etmişdiniz və Gülən hərəkatına sərt iradlarınızı bildirib zalı tərk etmişdiniz. 7 il əvvələ qayıdıb orada nə baş verdiyini bir daha danışa bilərsinizmi?

- Atatürk mərkəzi bizi mərhum prezident Heydər Əliyevin doğum günü ilə bağlı təşkil edilən tədbirə dəvət etmişdi. İçəri girəndə hər kəsə qovluq payladılar, onun da içində jurnal var idi. Jurnalın üz qabığında Fətullah Gülənin şəkli var idi və bütün yazılar ona həsr olunmuşdu. Heydər Əliyevhaqqında cəmi iki məqalə var idi. Gülüstan sarayı o dövrdə Azərbaycanın ən böyük sarayı idi. Ora hər sektordan minlərlə adam toplaşmışdı. Amma tədbir nurçuluq ideyalarının, Fətullah Gülənin təbliğinə həsr olunmuşdu. Sanki Heydər Əliyevin adından istifadə olunurdu. Mənimlə bərabər deputat həmkarım Cavanşir Paşazadə də zalı tərk etdi. Orada etirazımı bildirdim ki, bu, ədəbsizlik və etikaya sığmayan davranışdır. Heydər Əliyevin şəkli Fətullah Gülənlə yanaşı qoyulmuşdu. Heydər Əliyev kim, Fətullah Gülən kim? Buna görə də kəskin etirazımı bildirib zalı tərk etdim. Həmin tədbirdə prezidentin köməkçisi Əli Həsənov da bu məsələyə kəskin etirazını bildirdi. Əli Həsənov kifayət qədər hazırlıqlı və peşəkar siyasətçidir. Bundan sonra mən parlamentin iclasında həmin məsələni qaldırdım. Jurnaldan da bir hissəni oxudum. Çoxları deyirdi ki, Fətullah Gülən tərəfdarları siyasətlə deyil, elmlə, təhsillə məşğuldular. Jurnalda belə bir fikir var idi. “O insanlar ədalətli cəmiyyət qura bilərlər ki, onların beyni biliklə, qəlbi isə nurçuluq ideyaları ilə dolmuş olsun”. Yəni ədalətli cəmiyyət üçün bunların hakimiyyətə gəlməsinə ehtiyac var. 
Bu artıq birbaşa siyasi çağırış idi.
Əli müəllimin çıxışından sonra da onlar artıq təbliğatlarında əndazəni aşdıqlarının fərqinə vardılar. Öz fəaliyyətlərini çərçivəyə saldılar. O dövrdə onlar heç nədən çəkinmədən öz ölkələrindəymiş kimi təbliğat aparırdılar. Ümumiyyətlə, mən o fikirdəyəm ki din siyasətdən uzaq tutulmalıdır. Dinlə siyasət bir olsa, bu ölkəni xeyli geri atacaq. Çünki dövlət adamının buraxdığı səhvlər həm də dinin gözdən salınması kimi başa düşüləcək.

- Sözügedən tədbirdə jurnalistlər də iştirak edib. Onlar Əli Həsənovla o zaman Türkiyənin Azərbaycandakı səfiri olan Hulusi Kılıçın maraqlı dialoquna şahid olublar. Hulusi Kılıç Əli Həsənova çıxışından dolayı “dilindən öpəyim, biz bunu deyə bilməzdik” şəklində təşəkkürünü bildirib. Həmin hadisə ilə bağlı sizin fikirləriniz də maraqlı olardı.

- Bəli, şahidi olmuşam. Həmin hadisəni 2009-cu ildə Türkiyənin Azərbaycandakı səfiri, hazırda isə Türkiyə hökumətində təmsil olunan Hulusi Kılıç da təsdiqləyə bilər. Əslində o zaman Əli Həsənovun həmin çıxışı olmasaydı, tədbir başqa istiqamət alacaqdı. Ora ölkənin üzdə olan bütün adamlarınıHeydər Əliyevin adı ilə toplaşmışdılar. Sadəcə Əli Həsənovun çıxışı oradakı ab-havanı xeyli dəyişdi. Ondan sonra fəaliyyətlərini çərçivəyə saldılar, üstüörtülü etdilər. Özlərini yığışdırdılar.

- Ümumiyyətlə, o dediyiniz tədbirin üstündən də 7 il vaxt keçib . Ən yüksək rəsmi səviyyədə bu hərəkata, onun təbliğçilərinə qarşı iradlar bildirilib. 2013- cü ildə Türkiyədə bu hərəkata qarşı aparılan əməliyyatlar Azərbaycana da təsir etdi. Bu təşkilatın adamı hesab olunub işdən çıxarılanlar, mandatdan kənar qalanlar oldu. Ötən illər ərzində onlarla mübarizə aparmaq çətin idi? Yoxsa bunun üçün uzun müddət lazım idi?

- Bunların çox böyük maliyyə mənbələri var. Hardan qaynaqlandığını deyə bilmərəm. Amma çox müxtəlif tədbirlər keçirirdilər. Həmin tədbirdən sonra deputat həmkarlarımdan biri yaxınlaşıb dedi ki, jurnalın rəhbərlərindən biri mənimlə görüşmək istəyir. Görüşdüm və həmin şəxs məni Pensilvaniyaya dəvət etdi. Bunlar ayrı-ayrı insanları özlərinə bağlamaq üçün xarici ölkələrə səfərlərə dəvət edirdilər. Beş ulduzlu otellərdə qalırdılar. Bütün xərcləri ödənilirdi. “Çağ Öyretim” məktəbi açmışdılar. Ora respublikanın ən savadlı uşaqlarını təhsil almaq üçün seçirdilər. Bu uşaqlar başqa məktəblərdə oxusaydılar da, universitetlərə girəcəkdilər. Orada ən imkanlı ailələrin uşaqları təhsil alırdı. Onlara da təhsil haqqında 50 faiz güzəşt edirdilər. Adi adamlardan 7000 manat təhsil haqqı alırdılarsa, imkanlı ailələrdən 3500 manat alırdılar. Beləliklə də, bu insanları şəbəkəyə bağlayırdılar. Bəzi şagirdlərə öz təbliğatları üçün pulsuz təhsil verirdilər. 7000 manat böyük pul idi. Azərbaycandan çox böyük pullar qazanılırdı. Qazanılan pulu da bu kimi işlərə xərcləyirdilər, beləliklə də öz təbliğatlarını qururdular.Yaxşı ki o dövrdə də uzaqgörən siyasətçilərimiz var idi. Və onlar da buna etiraz etdilər.

- Onların bu qədər geniş yayılmasının səbəbləri nədə görürsünüz?

- 2013- cü ildə o zaman baş nazir olan Ərdoğanla Gülən arasında konfliktlərin olması ortaya çıxdı. O zamana qədər Ərdoğanla münasibətlər yaxşı idi. Hizmət Hərəkatı adlandırılırdılar. Dini kəsimin liderləri kimi qəbul olunurdular. Ərdoğan dəfələrlə Güləni Türkiyəyə dəvət etmişdi. Bizim bəzi siyasilər Gülən hərəkatı ilə yaxın münasibət qurmağı, həm də Türkiyə ilə yaxınlıq kimi qəbul edirdilər. O fikirdən uzağam ki, kimin onlarla təmasları olubsa, bu gün onları Azərbaycan xalqının düşmənləri kimi qəbul edək. Mən bunu da qəbul etmirəm. Gülənçilərin Azərbaycanda kök atması həm də Türkiyəyə münasibət kimi qəbul olunub. Fətullahçılar Ərdoğanla birgə hakimiyyətə gəlmişdilər. Gülənçilərlə yaxın olmağı Türkiyə iqtidarına yaxınlıq kimi qəbul edirdilər. Mən bu hərəkatı Atatürkü qəbul etmədiyi üçün qəbul etmirdim. Türkiyənin xoşbəxt gələcəyi Avropa dəyərlərinin mənimsənilməsində, dünyəvi dövlət quruluşunun qorunub saxlanmasında, dinin siyasətdən uzaq tutulmasındadır. Bu hərəkat isə dinlə siyasəti birləşdirir. Zaman keçdi, mənim narahatlıqlarım öz təsdiqini tapdı. Çox istərdim ki, proseslər bu həddə gəlib çatmasın.

- Bu şəbəkə Azərbaycan üçün təhlükəli hesab oluna bilərmi? Məsələn, YAP-çı millət vəkiliSiyavuş Novruzov müsahibəsində heç bir təhlükənin olmadığını vurğuladı. Mövzunu gündəmə gətirənlərin məqsədinin Türkiyə Azərbaycan münasibətlərinə kölgə salmaq olduğunu dedi. Siz necə düşünürsünüz?

- Əvvəla, Türkiyə tərəfindən bu istiqamətdə Azərbaycana təzyiq edilməsini birmənalı şəkildə qəbul etmirəm. Yenə deyirəm ki, zamanında bu hərəkata olan yaxşı münasibət Türkiyə iqtidarına olan münasibətdən irəli gəlib. 2013-cü ilə kimi Türkiyədə bir komanda olublar. Bu komanda içəridə parçalanıb. Ərdoğanla Gülən arasında rəqabət başlayıb. İndi Azərbaycanı bu şəbəkənin burada olması ilə bağlı qınamaq olarmı? Məgər Türkiyədə Gülənlə bağlı məktəblər, təşkilatlar, media orqanları azdımı? İndi də bunların hamısının terroristdir deyib qapatmaq düzgün deyil. Əlbəttə, bunların terrorla hər hansı əlaqəsi sübut olunarsa, birmənalı şəkildə məsuliyyətə cəlb olunmalıdırlar. Ancaq mən onların fəaliyyətini heç vaxt təqdir etməmişəm. Baxmayaraq ki yüksək təhsil veriblər. Ancaq o təhsilin arxasında dinlə siyasətin çulxalaşmasını, gələcəkdə dünyəvi dövlətçiliyin təhlükə qarşısında olmasını görmüşəm. Hesab edirəm ki, İslam dövlətlərinin xoşbəxt gələcəyi dinin siyasətdən uzaq tutulmasındadır.

- Bildirilir ki, Azərbaycanda nazirlərdən tutmuş, administrasiya üzvləri, millət vəkillərinə qədər bu şəbəkəyə xidmət edənlər var. Sizdə bununla bağlı konkret adlar varmı?

- Yox, mən konkret ad çəkə bilmərəm ki hansısa məmur bu şəbəkəyə xidmət edir. Belə bir məlumatım olsaydı, ad çəkərdim. Yenə də deyirəm ki, o zaman bəzi insanlar Gülənlə yaxın olmağı Türkiyə iqtidarı ilə yaxın olmaq kimi qəbul edirdilər. Bəziləri təəssüf ki bunun belə olmadığını başa düşürdülər. Bizim dövlət qurumlarımız da onların tədbirlərində təşkilatçı qismində iştirak edirdilər, sponsorluq edirdilər.

- Yaxın zamanlarda Türkiyədə olduğu kimi Azərbaycanda da vəzifədən çıxarılma halları baş verə bilər?

- Üzdə hər hansı məmur görmürəm ki bu hərəkatla sıx bağlı olsun. Respublika Prokurorluğunda cinayət işi açılıb. İndi araşdırılacaq ki, kimlərin nə dərəcədə bu hərəkata bağlılığı olub. Bunun cinayət xarakterli olması sübut olunmalıdır. Bu adamların Türkiyədəki hadisələrdə hansısa əlinin olub- olmadığı araşdırılmalıdır. Ortaya çıxmazsa, heç bir məsuliyyətdən söhbət gedə bilməz.

- Siz həmişə bu hərəkatla bağlı sərt mövqedən çıxış etmisiniz. Buna görə hansısa təzyiqlərlə üzləşmisinizmi?

- Əksinə, mənə hərəkatın rəhbərləri ilə əlaqələri olanlar onlarla görüşməyi təklif ediblər. Hətta dediyim kimi, Pensilvaniyaya dəvət ediblər. Vaxtımın olmadığını bildirərək imtina etdim. Onlara buradakı fəaliyyətləri ilə bağlı iradlarımı da bildirdim. Təzyiqdən çox, mənlə daha çox dostlaşmaq yolunu tuturdular.
Ümumiyyətlə isə, mən son vaxtlar dinin bizim ölkədə də siyasətə qarışması hallarını müşahidə edirəm. Kənar dini təsirlərin siyasətə təsirindən narahatam. Üstəgəl Türkiyədə dini kəsimin hakimiyyətdə olduğunu bilirik. Biz Türkiyə ilə qardaş olmağa çalışmalıyıq. Dövlətləraarası münasibətlər inkişaf etməlidir. Ancaq dindar iqtidarın burdakı dinin kəsimlə siyasətdə güclənməsinə imkan verməməliyik. Çünki dini qüvvələr istəyir ki başqa bir müsəlman dövlətində də dini qüvvələr hakimiyyətdə olsun.