“Hər bir insan islahatları dəstəkləməlidir”
Qüdrət Həsənquliyev: “Bu prosesin dayanması ölkəmizin gələcəyi üçün çox böyük təhlükələrə yol aça bilər”


Rusiyalı politoloq, avrasiyaçılıq ideologiyasının yaradıcılarından olan Aleksandr Duqin Eskişehir Osman Qazi Universitetində keçirilən “Rusiya-Türkiyə münasibətləri-dünəndən bu günə” adlı paneldə bildirib ki, çoxqütblü dünyanın memarı Rusiya və Türkiyə olmalıdır Politoloqun qənaətinə görə, Türkiyə və Rusiya bərabər addımlar atarsa hər iki dövlət qüvvətlənə bilər. 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev “Baymedia”ya müsahibəsində Aleksandr Duqinun fikirlərinə müsbət yanaşdığını bildirib. 
Müsahibəni oxucularımıza təqdim edirik:
- Duqinin fikirləri iki qonşu dövlət arasındakı münasibətlərin yumşalmasına və inkişafına xidmət edir. Şübhəsiz ki, siyasətçilərin, politoloqların, elm adamlarının birlik haqqında danışmaları daha yaxşıdır nəinki qarşıdurma, maraqların toqquşması, düşmənçilik barədə. Bu baxımdan, əlbəttə Duqinin Rusiya-Türkiyə yaxınlaşmasının regionun inkişafına təkan verə biləcəyini , hər iki dövlətin regionda və bütün dünyada iddialarının gerçəkləşməsinə yardımçı ola biləcəyini söyləməsi təbii ki, diqqətçəkən fikirlərdir və bu barədə biz də dəfələrlə fikirlərimizi bildirmişik. Qeyd etmişik ki, yaxın gələcəkdə mümkün olmasa da nəzəri baxımdan gələcəkdə türk-slavyan respublikaları ittifaqının yaranması mümkündür. Amma bəzi hallarda bu və ya digər ideyaların gerçəkləşməsi tarixi şəraitdən və tarixi proseslərin necə inkişaf etməsindən asılı olur. O zaman böyük dövlət xadimləri öz xalqlarının gələcək inkişaf strategiyasını müəyyənləşdirdikləri zaman hansı siyasi kursu seçəcəklərindən çox şey asılıdır. Amma mən də hesab edirəm ki, gələcəkdə türk-slavyan respublikaları ittifaqının yaranması mümkündür. Buna qədər isə Türkiyə-Azərbaycan-İran ittifaqının yaranmasını daha real hesab edirəm. 
İranda demoqrafik vəziyyətin dəyişməsi və bu ölkənin demokratikləşməsi nəticəsində İranın bir türk dövlətinə çevrilməsindən, yaxud da - vacib deyil ki, hakimiyyətdə türklər olsun - İranın dövlət siyasətinin fars şovinizmindən xilas olmasından çox şey asılıdır. İranda türklərin də dövlət quran xalq kimi həyati maraqları qorunarsa İran da bu birliyə qoşula bilər. 
Bundan sonra Ukrayna, Belorus, Rusiya, buradan isə Türkiyə, Azərbaycan, İran, Orta Asiyanın türk dövlətləri avrasiyaçılıq ideyasını gerçəkləşdirə və Avrasiya İttifaqı qura bilərlər. Bu da Avropa İttifaqı ilə həm əhalisinin sayı, həm də iqtisadiyyatının gücü baxımından rəqabət apara biləcək gücün ortaya çıxmasına zəmin yarada bilər. Yeni bir rəqbət mühiti formalaşar, balans yaranar. 
Hesab edirəm ki, əgər İran bu ittifaqda təmsil olunarsa, hətta Tacikistanın da burada yer alması mümkündür. Amma hazırda tarixi reallıqlar, mövcud şərtlər çərçivəsində belə bir ittifaqın yaranması real görünmür. Yalnız bu bir nəzəriyyə, ideya olaraq ortaya atılıb və hesab edirəm ki, cəlbedici bir ideya kimi müzakirə olunmaq haqqı var. Amma yenə də deyirəm, bu ideyanın gerçəkləşməsi bölgədə tarixi proseslərin necə inkişaf eləməsindən asılı olacaq. Düşünürəm ki, bu birlik Türk-Slavyan Respublikaları İttifaqı adlandırlsa da, bu ittifaqda regionun kiçik dövlətləri, o cünlədən Ermənistan və Gürcüstan da iştirak edə bilərlər. Təbii ki, Rusiya Federasiyasının tərkibindəki qeyri türk xalqların yaşadığı subyektlər də həmçinin... Düşünürəm ki, türk xalqlarının belə bir ittifaqda, yəni slavyan xalqları eyni birlikdə təmsil olunması onların xeyrinə olar. Amma hazırda reallıq fərqlidir. Bilirsiniz ki, Türkiyə NATO-nün üzvüdür və Türkiyənin belə qərar qəbul etməsi xeyli problematik görünür. O cümlədən Azərbaycan da “Qoşulmama Hərəkatı”nda təmsil olunur. Bu da xeyli problem yarada bilər. Amma gələcəkdə belə bir birliyin yaranması mümkündür.
- Qüdrət bəy, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı maraqlı prosesin şahidi oluruq. Minsk qrupu həmsədrlərinin son bəyanatı da bunu sübuta yetirir...
- İnsanlarımızın bəzilərinin daxilində bir ümid var ki, bəlkə Paşinyan Dağlıq Qarabağla bağlı fərqli bir siyasət yürüdə bilər. Ona görə ki, Paşinyanın Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı olması barədə birmənalı fikir yoxdur. Hamı bilirdi ki, Köçəryanla Sarkisyan, keçmiş Ermənistan rəhbərliyi Moskvadakı hərbi sənaye kompleksinin müəyyən dairələri tərəfindən idarə olnanan adamlar idilər və Moskvasız heç bir qərar qəbul edə bilməzdilər.Yəni buna görə də bu ümidlər var ki,Paşinyan müstəqil qərar qəbul edə bilər. Amma hesab edirəm ki, bu ümidlərin əsası yoxdur. Əvvəla ona görə ki, Paşinyan çox gözəl başa düşür ki, onun hakimiyyətə gəlməsində Rusiyanın çox böyük iştirakı olub.Onu da başa düşür ki,Rusiya onu Ermənistanı demokratikləşdirmək ,Qarabağ münaqişəsini həll etmək üçün yox,qərbyönümlü siyasəti iflasa uğratmaq üçün gətirib. Faktiki surətdə küləvi etiraz aksiyalarının dağıdılmasının qarşısını Rusiya aldı. Bu da Paşinyanın hakimiyyətə yolunu açdı. Etiraz aksiyalarına güc tətbiq olunmasına Rusiya imkan vermədi. 10 il bundan əvvəl Sarkisyanın hakimiyyətə yolunu açmaq üçün hətta insanların güllə-baran edilməsi sanksiyalaşdırılmışdısa indi güc tətbiqinə icazə verilmədi. Ona görə də Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq Rusiyasız qərar qəbul edə bilməyəcək.Həm də erməni xalqı buna imkan verməyəcək.Ermənilər xalq olaraq böyükdən kiçiyə “Böyük Ermənistan” xəstəliyinə yoluxub.Bu xəstəliyin müalicəsi döyüş meydanında erməni xalqının məğlub edilməsi ilə bağlıdır ki , ermənilər işğal etdiyi torpaqlardan çıxsın.Bunun üçün biz Rusiya ilə danışmalıyıq. Bu olmayacaqsa gözləməyimiz ki, nə vaxtsa Ermənistanda siyasi hakimiyyətə elə bir adam gələcək ki, o dinc yolla işğal altında olan torpaqları qaytaracaq, bu xülyadır və özümüzü aldatmaqdır. Ona görə də düşünürəm ki, hazırda əlverişli beynəlxalq şərait yaranıb.Həm də Azərbaycanın özündə də əksər siyasətçilər, tutaq ki, dünənə qədər biz deyəndə ki, problemin həlli üçün biz danışıqları Rusiya ilə aparmalıyıq və buna görə bizi topa-tüfəngə tutanlar indi özləri bu barədə danışırlar. 2016-cı ilin aprelində “atəşi dayandırmamalıydıq, Xankəndiyə qədər getməliydik” söyləyən insanlar indi deyirlər ki, yox, münaqişənin həllinin açarı Rusiyanın əlindədir. Halbuki o vaxt bizə qarşı hücumlar təşkil olunurdu, az qalırdılar bizi vətən xaini elan eləsinlər, bəziləri 5-ci kolonun nümayəndəsi də deyirdi və s. Amma indi özləri artıq açıq söyləyirlər ki, münaqişənin açarı Rusiyanın əlindədir.
Xatırlayırsınızsa 2000-ci ilin əvvəllərində biz söyləyəndə ki, Azərbaycandakı bir çox problemlər Azərbaycan xalqının inkişaf səviyyəsinə bağlıdır, bu iqtidardan qaynaqlanan problemlər deyil, eyni qaydada üzərimizə hücuma keçirdilər, təhqir edirdilər. Amma indi görürsünüz mətbuatda çıxışlar edirlər, biz olmuşuq yalan, bunlar söyləyirlər ki, həy şey xalqdan asılıdır, xalqın potensialına bağlıdır. Amma əvvəl bütün günahları, cəmiyyətimizdə olan nöqsanları, çatışmazlıqları yalnlız iqtidara bağlayırdılar və biz də çalışırdıq ki,onlara anladaq ki, bu belə deyil, iqtidarda tımsil olunanlar da bu xalqın övladlarıdır. Əgər xalqa qarşı hansısa yumşaq ifadələrlə desək doğru olmayan, ədalətsiz siyasət yürüdürlərsə yəni bu insanlar da bizim içimizdən çıxanlardır, bizlərdən biridir. Deməli bu da xalqın ümumi inkişaf səviyyəsinə bağlı olan bir məsələdir. Görürüsünüz də, nə qədər zaman keçdi və bu insanlar həqiqəti qəbul elədilər ki, yox, bəzi şeylər var ki, birbaşa xalqla bağlı olan məsələlərdir. Ona görə də düşünürəm ki, Rusiya ilə anlaşmaq və Rusiyanın Azərbaycanın dövlət müstəqilliyini, suverenliyini məhdudlaşdırmayacaq hansısa maraqlarını təmin etmək mümkündür. Çalışmaq lazımdır ki, hansısa məsələlərdə güzəştə getməklə böyük uğurlar əldə edə bilək. İndiki nə sülh, nə müharibə şəraitini də mənə elə gəlir ki, dəyişmək lazımdır. Əslində vasitəçilərə və region dövlətlərinə də bu siyasət sərf edir. Ona görə ki, həm vasitəçilər, həm də region dövlətləri hesab edirlər ki, bu halda həm Azərbaycanı, həm də Ermənistanı özlərindən tam asılı vəziyyətdə saxlaya bilərlər. Bunun üçün Azərbaycan Qarabağ məsələsi ilə əlaqədar daha cəsarətli siyasət yürütməlidir. Ölkənin beynəlxalq nüfuzunun artırılması, daha ciddi beynəlxalq dəstəyə nail olmamız üçün irticanın müqaviməti qırılmali və islahatlar dərinləşdirilməlidir. Məsələ burasındadır ki, ölkə daxilindəki bu irticaçı qüvvələr radikal müxalifətin artıq müxalifətdə olmaqdan bezdiyini görür və bundan çox məharətlə istifadə edirlər. Demokratiya uğrunda mübarizə apardıqlarını deyən bəzi keçmiş hərəkatçı yoldaşlarımız prosesləri dərindən təhlil etsələr görəcəklər ki, onlardan sadəcə istifadə olunur. Bu ona gətirib çıxara bilər ki, ölkə onların pozuculuq fəaliyyəti nəticəsində nəinki inkişafın yeni mərhələsinə keçməz, hətta yenidən geriyə düşə bilər. Ölkədə orta əsr təfəkkürlü insnaları hakimiyyətə gətirə bilərlər. Ölkənin faciəsi və fəlakəti də onda olar.Bəzi xarici güclər və ermənilər də bunu istəyir. Siz görürsünüz ki, sosial şəbəkələrdə xalqın ünvanına nə qədər aşağılayıcı ifadələr işlədilir, xalq təhqir olunur. Düşünürlər ki,guya onlar xalqı təhqir eləsələr, xalq bunların çağırışlarına cavab verəcək. Yəni bunun özü də göstərir ki, xalqı təhqir edənlərin təfəkkürü, inkişaf səviyyəsi qərb standartlarına uyğun demoktratik cəmiyyət qurmağa imkan vermir. Xalqın içərisində düşünən insanlar, ziyalılar ,siyasətlə maraqlananlar bunu görür. 
Ona görə də yorulmadan Azərbaycan xalqı, ictimaiyyəti ilə işləmək və cəmiyyətimizi addım-addım irəli aparmaq lazımdır. İslahatların qarşısını almaq üçün iqtidarı təhdid, şantaj edirlər, qorxdular, çəkindirirlər. Məqsədyönlü şəkildə həyata keçirilən islahatların guya qorxudan qaynaqlandığını deyirllər. Və beləliklə də hakimiyyəti növbəti addımlar atmaqdan çəkindirmək niyyəti güdürlər. Problemlərin həll olunmamasını arzulayırlar. İstəyirlər ki, problemlər yığılıb böyük bir patrtlayışa gıtirib çlıxarsın, onlar da bundan yararlansınlar. Düşünürəm ki, Azərbaycandakı konsturiktiv siyasi qüvvələr bunun fərqindədir. Mən həmişə söyləmişəm ki, kimin nə düşünməsindən asılı olmayaraq siyasətdə insanları dövlət maraqları, ictimai və şəxsi maraqlar birləşdirir. Şəxsi münsibətlər birləşmədə əlavə bağlardır. Amma əsas maraqlar söylədiyim maraqlardır. Bunun üçün də insanlar oz şəxsi maraqlarını önə çəkməməlidirlər. İndiki mərhələdə daha çox dövlət və ictimai maraqlar önə çəkilməlidir. Bir az səbrlə bu məsələlərə yanaşılmalıdır. Əlbəttə, Avropa kimi oturuşmuş, böyük demokratik ənənələrin olduğu ölkələrdə hər hansı bir şəxs siyasətə atılırsa və seçkilərdə uğur qazana bilmirsə bunu uğursuzluğu kimi onun siyasi tərcümeyi-halına yazmaq olar. Amma bizim kimi inkişaf etməkdə olan ölkələrdə hakimiyyətə gəlib-gəlməmək, təmsil olunub-olunmamaq 10-cu, bəlkə də 100-cü məsələ olmalıdır. Müxalifətdə də olub xalq üçün böyük xidmətlər göstərmək mümkündür. Hakimiyyətin heç bir qolunda təmsil olunnmayıb, dövlətə, xalqa xidmət göstərmək olar. Siyasətçilər bax o komplekslərdən qopmalıdırlar. Çoxu dəhşətə gəlir ki, bəs mənim bir siyasətçi kimi siyasi tərcümeyi-halım necə yazılacaq? Tarixdə qalacağam ya yox? Bu kimi düşüncələrdən uzaq olmaq lazımdır. Gənc siyasətçiləri inandırmalıyıq ki, məsələyə bu nöqteyi-nəzərdən yanaşmasınlar. Çünki xarici güclər belə zəif nöqtələrdən istifadə edib, ayrı-ayrı adamlara təsir göstərirlər. Məsələn biz özümüz nə qədər haqsız, ədalətsiz təqiblərlə, təhqirlərlə üz-üzə qalırıq. 
Mən sadəcə onunla təskinlik tapıram ki, bütün bunlar mənə, şəxsiyyətimə qarşı deyil. Mənim kimi islahatları dəstəkləyən, islahatların davam etməsi üçün çalışan, islahatlar yolu ilə müsbət dəyişikliklərin baş verməsi, xalqımızın xoşbəxt gələcəyi üçün hər şeyin yuxarıdan islahatlar yolu ilə həyata keçirilməsini görən və bunu istəyən, islahatların davam etdirilməsi üçün xalqı prezidenti dəstəkləməyə çağıran bütün siyasətçilərə və onların siyasi fəaliyyətlərinə qarşıdır. Bunu çox gözəl başa düşürəm. Biz imkan verməməliyik ki, kimlərsə prezidentə təzyiq edib islahatları dayandırıa bilsin. Bu prosesin dayanması ölkəmizin gələcəyi üçün çox böyük təhlükələrə yol aça bilər. Ölkənin gələcəyi haqqında düşünən hər bir insan islahatları dəstəkləməlidir.