“Kadr islahatları davam etdirilməlidir”
Qüdrət Həsənquliyev: "Yalnız güc strukturlarının peşəkarlığına və sədaqətinə güvənmək aşırı arxayınçılıq olardı"

Millət
vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev
Moderator.az-a bu dəfəki açıqlamasında gündəmin bəzi aktual mövzuları ətrafında
fikirlərini bölüşüb.



 -
Qüdrət bəy, məzuniyyət dövrü başa çatdı. Ölkənin siyasi həyatında baş
verəcəklər barədə gözləntiləriniz nədən ibarətdir?



-
Hər bir vətəndaş kimi mənim də gözləntilərim çoxdur. Çünki cəmiyyətimiz
dəyişiklik istəyir. Bunu görməmək mümkün deyil. Yaranmış vəziyyəti bölgədə
marağı olan güclər də  görür.
İslahatların gecikməsi iqtidarı xalqın böyük ictimai dəstəyindən mərhum edə
bilər ki, bu da ölkəmizi təxribatlar qarşısında zəif edərdi. Hər hansı
təxribatın arzuolunmaz ekstremist qüvvələrin hakimiyyətinə yol aça biləcəyindən
əndişələnən xarici güclər, hətta daxildə ölkəni gücləndirəcək islahatların
aparılmasında maraqlı olmasa da, Azərbaycanın daxili siyasətinə daha ciddi
müdaxilə etmək barədə düşünər, iqtidar bu gün malik olduğu beynəlxalq dəstəyi
itirərdi. Yalnız güc strukturlarının peşəkarlığına və sədaqətinə güvənmək aşırı
arxayınçılıq olardı. İqtidar nə qədər ki, güclüdür prosesin ağrılı olmasına
baxmayaraq cəsarətli qərarlar qəbul etməlidir.



-
Qüdrət bəy, ilk növbədə hansı dəyişikliklər həyata keçirilməlidir?



-
İlk növbədə kadr islahatları davam etdirilməlidir. Onilliklər ərzində eyni  yüksək vəzifəni tutan kadrların ən azından
yeri dəyişdirilməlidir. Bu insanların bir qismi feodallaşmış, böyük iddialara
düşməklə yanaşı, hətta adi insanlıq keyfiyyətlərini belə itiriblər. İnsanları
onları istismar edib ev-eşiyindən didərgin salmış məmurlardan xilas etməklə
geniş xalq kütlələrinin rəğbətini qazanmaq olar. İqtisadi sferada zamanında
sələflərindən dürüstlüyü ilə fərqlənməmiş şəxslərə daha böyük  və strateji vəzifələrin  verilməsi onları təmiz işləməyə, qanunların
aliliyinə hörmət etməyə sövq etməyəcəkdır.Yüksək vəzifələrə müsbət
dəyişiklikləri təmin etməklə hökumətə ictimai dəstəyi təmin  edən, yaxud edə biləcək şəxslər təyin
olunmalıdır. Bəzi strateji vəzifələrə zamanında müxtəlif səbəblərdən
qabiliyyətsizliyinə görə təyin  olunmuş
şəxslərlə vidalaşmaq lazımdır. Hakimiyyət ölkənin ictimai-siyasi həyatında
yaxşı mənada fərqlənmiş və iqtidarla əməkdaşlığa hazır olan kadrlarla
gücləndirilməlidir.



Dövlət
iqtisadiyyatda yalnız tənzimləyici rol oynamalı, tam bazar iqtisadiyyatına
keçilməli, maliyyə-kredit islahatları həyata keçirilməli, xidmət sahələri, iri
müəssiələr yubanmadan özəlləşdirilməyə çıxarılmalı, korrupsiyaya qarşı daha
effektli mübarizə təşkil olunmalı, ciddi struktur və instisional islahatlar
aparılmalı, qanunun aliliyinin təmin olunması istiqamətində ciddi qərarlar
qəbul edilməlidir. Ölkədə iqtisadiyyatın inkişafına təkan verəcək Naxçıvan və
Ələt azad iqtisadi zonalarının fəaliyyətə başlaması üçün  nəhayət ki, konkret addımlar atılmalıdır.



Bunlarla
yanaşı, xarici ermənipərəst dairələrin və korrupsioner məmurların fitilə
hərəkət edən  müxalifət və onların
müttəfiqləri olub, xaricə miqrasiya edib ictimai əxlaqı korlayan pozğun
ünsürlər  ifşa olunmalı, onların
dövlətçiliyimiz üçün yaratdığı təhlükə barədə ictimaiyyət mütəmadi olaraq
məlumatlandırılmalıdır. Konstruktiv müxalif qüvvələr isə bələdiyyə
seçkilərindən daha güclü çıxmaları üçün fəaliyyətlərini gücləndirməli və
koordinasiya etməlidirlər.