“Mediatorların hüquqşünas olması tələb edilməlidir”
Qüdrət Həsənquliyev: “Hüquqi təhsili olmayan mediator tərəflərin haqlı olub olmasını necə müəyyənləşdirəcək?”


“Mediasiya haqqında” qanun çox əhəmiyyətli bir qanundur və mən bu qanuna səs verəcəyəm. Amma bizim komitədə bu qanun layihəsi müzakirə olunduğu zaman mən bəzi məsələlərə öz iradlarımı bildirmişdim. Mənə deyilmişdi ki, bəzi məsələlər nəzərə alınacaq”. 

Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev səsləndirib. Millət vəkili “amma indi qanun layihəsi ilə tanış olanda bəlli olur ki, o məsələlər öz həllini tapmayıb”, - deyə vurğulayıb: “Söhbət nələrdən gedir? Birincisi biz qanunun 3-cü maddəsində qeyd edirik ki, iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu qanunun 28 və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Yəni tərəflər məhkəməyə müraciət etməmişdən öncə mütləq mediasiyada iştirak etməlidirlər. Bu zəruri tələb klimi qnunvericilikdə nəzərdə tutulur. Belə olduğu halda sözsüz ki, burada həm də mediasiya xərcləri ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Ona görə ki, qanunun 3.4-cü maddəsində qeyd olunur, yalnız tərəflərdən biri məhkəməyə müraciət etdikdə dövlət rüsumundan azad olunması məsələsinə baxılacaq. “Dövlət rüsumu haqqında” qanunda həmin şəxslərin rüsumdan azad olması öz əksini tapacaq. Məsələn, qanunun 37.1.2-ci maddəsinə qeyd olunur ki, mediasiya prosesi pulludur, tərəflər tərəfindən ödənilir və bu xərclər onlar arasında bərabər formada bölünür”. Millət vəkili diqqətə çatdırıb ki, mediasiya xərcləri də təkcə rüsumdan ibarət deyil: “Düzdür, dövlət tərəfindən müəyyən olunmuş ilkin baxış üçün rüsum ödənilir. Amma bu xərclərin sırasına mübahisə yerinə getmək, yaşayış, yemək xərcləri, vəkil tutulubsa ona ödənilən vəsait daxildir. Yəni mediasiya xərcləri kifayət qədər genişdir. Sonradan məhkəməyə müraciət olunanda bu xərclər kim tərəfindən ödəniləcək? Tutaq ki, rüsum bəlli oldu, amma digər məsələlər açıq qalır. İkincisi burada ən mühüm məsələ hesab edirəm ki, 10-cu maddədir – mediatora aid tələblər. Burada Elmira Axundova söylədi ki, bəzi ölkələrdə bu məhkəmə yükünü xeyli dərəcədə azaldıb. Əgər biz həqiqətən də bunu bir formal olaraq yaratmırıqsa, yəni istəyiriksə ölkədə məhkəmə işlərinin sayı azalsın, o halda elə eləməliyik ki, mediatorlar bir vasitəçi kimi ağsaqqallıq edib hansısa barışa nailk ola bilsinlər. Amma tələblərə görə, mediator olmaq istəyən şəxs ali təhsilli, yaşı 25 və ən azı 3 illik iş stajına malik olmalıdır. Əgər 25 yaşlı şəxsin hüquqi təhsili yoxdursa, tərəflər arasında necə vasitəçilik edə bilər? Biz bilirik ki, tərəflərin hüquq və vəzifələri qanunvericilik qaydasında təsbit olunur. Yəni ilkin olaraq mediator tərəflərin hüquq və vəzifələrini bilməlidir. Qanunda tələb olunur ki, mediasiya prosesinə qədər mediator tərəflərlə ayrı-ayrılıqda görüşə, qanunvericiliyi onlara izah edə bilər. Əgər qanunvericiliyi bilmirsə bunu tərəflərə necə izah edəcək? Əlbəttə, kimsə deyə bilər ki, bəzi ölkələrin təcrübəsində andlı iclasçılar institutu var. Orada da bəzi mülki işlərdə hüquqşunas olmasalar da andlı iclasçılar tərəflərdən hansının haqlı olub-olmaması barədə qərar qəbul edir, yaxud təqsirlilik məsələsini müəyyənləşdirirlər. Amma andlı iclasçılarla bağlı məhkəmə prosesidə şəxsən iştirak eləmiş bir şəxs kimi söyləyirəm ki, proses başlamamışdan öncə, hakim ilk növbədə məsələnin mahiyyətini, qanunvericiliyin tələblərini andlı iclasçılara izah edir. Ondan sonra çəkişmə prosesi başlayır və hər bir tərəf öz arqumentlərini ortaya qoyur. Andlı iclasçılar da qulaq asır və tərəflərdən hansının haqlı olmasını müəyyənləşdirirlər, bununla bağlı verəcəkləri qərarı müəyyən edirlər. Ona görə də mən hesab edirəm ki, mediasiyanın formal xarakter daşımasını istəmiriksə, onda mediatorların hüquqşünas olması tələb olunmalıdır və hüquqi təcrübəsinin olması da nəzərdə tutulmalıdır. Hesab edirəm ki, keçmiş hakimlər, keçmiş vəkillər, yaxud hüquq-mühafizə orqanlarında işləyən şəxslər mediator olmalıdırlar. Əks halda, vətəndaşların üzərinə kimlər üçünsə iş yeri açmaq naminə əlavə yük qoyacağıq. Kimlərsə mediator olacaq, vətəndaşı da məcbur edəcəyik ki, məhkəməyə qədər mediatora pul ödəsin. Amma sonda heç bir nəticə olmayacaq”. 
Millət vəkilinin sözlərinə görə, iqtisadi məsələlərlə bağlı elə çətin çəkişmələr var ki, o məsələlərlə bağlı bəzi hallarda mülki qanunvericilikdə hətta qanunlardan yox, qanununun analogiyasından, məhkəmə presedentindən istifadə olunur: “Heç hüquqşünasların, hakimlərin çoxu bir çox hallarda o məhkəmə presedentini bilmirlər. Hüquqi təhsili olmayan mediator bundan necə istifadə edəcək və tərəflərə barışıqla bağlı necə tövsiyə verəcək, yaxud onların haqlı olub olmadığını necə müəyyənləşdirəcək?. Qanunun formal xarakter daşımaması üçün hesab edirəm ki, mediatorlara aid tələblər köklü şəkildə dəyişməlidir. Mediatorla bağlı xərclər və tələblər müvafiq dəyişikliklər edilərsə hesab edirəm ki, qanun çox normal qaundur və biz qanunu qəbul edə bilərik. Burada mentalitetdən danışıldı. Tarix boyu Azərbaycanda belə olub. Nüfuzlu din xadimləri, el ağsaqqalları bir hadisə olanda, mübahisələr yarananda vasitəçilik ediblər. Hamımız öz xalqımızın adət-ənənələrini bilirik. Harada görünüb ki, 25 yaşında bir gənc gəlsin, iki tərəf arasında ağsaqqallıq, vasitəçilik eləsin, tərəfləri barışdırsın? Burada əyləşənlərdən kim belə bir halla rastlaşıb? Sözsüz ki, heç kim. Ona görə də, mentalitet həqiqətən də nəzərə alınmalı və yaş həddi 25 yox, ən azı 30-a qaldırılmalıdır. Hansı ki, hakimlərlə bağlı da biz tələb edirik ki, onların yaşı ən azı 30 olsun”.

Əli