“Müxalifətin vəzifəsi daha müasir cəmiyyət qurmaq olmalıdır”
Qüdrət Həsənquliyev: “İslahatlar üçün ilk növbədə adı çəkiləndə insanlara orta əsrləri xatırladan, qanunsuzluq və özbaşınalıq simvolu kimi göz önünə gələn kadrlardan qurtulmaq lazımdır”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini oxucularımıza təqdim edirik:


- Qüdrət bəy, Novruz Bayramı ərəfəsində çoxlu məhbus əfv olundu, Prezident ictimai həyatın bütün sahələrəni əhatə edəcək islahatların anonsunu verdi, insanlarımız böyük ümidlər və əhval- ruhiyyə ilə tətildən qayıdır. Sizin gözləntiləriniz nədən ibarətdir?

- Həqiqətən həm xalqımız, həm də Azərbaycanla maraqlanan və bizi istəyən beynəlxalq ictimaiyyət ölkəmizdə böyük dəyişikliklərin edilməsini gözləyir. Ümid edirəm gözləntilər özünü doğruldacaq, xalqımızın ümidləri puç olmayacaq və Prezident həqiqətən başladığı islahatlarla ölkəmizi qansız-qadasız inkişafın yeni mərhələsinə keçirə biləcək.
Qeyd edim ki, bu vəzifəni yerinə yetirmək o qədər də asan deyil. Bütün xalqlar yüksək rifaha və tam azadlıqlara layiqdirlər. Amma bütün xalaqlar bunları təmin edəcək dövlət qurmaq gücündə deyil. O xalqlar xoşbəxtdirlər ki, bəzən əldə edə bilmədiklərini yuxarıdan islahatlar yolu ilə adlarını xalqlarının tarixinə qızıl hərflərlə yazan böyük tarixi şəxsiyyətlər onlara verir. Başqa xalqların uzun müddətə keçdiyi yolu onlar qısa müddətə qət edirlər. Tarixdən çoxlu belə nümunələr gətirmək mümkündür. Bizim timsalımızda Qərbi Avropa standartlarına cavab verən dövlət qurmaq çox çətindir. Çünki böyük güclər Azərbaycanın inkişafını istəmirlər. Onlar güclü Azərbaycanın müharibə edib torpaqlarını azad edəcəyindən çəkinirlər. Məhz bu faktora görə Gürcüstan Qərbin müasir dövlət quruculuğu prosesinə mane olmasının qarşısını almaq üçün bəyan etdi ki, onlar ərazi bütövlüyünü bərpa etmək üçün güc tətbiq etməyəcəklər. Ona görə islahatlar dərinləşdikcə biz nəinki Qərbdən maliyyə və digər formada dəstək almayacağıq, hətta təxribatların miqyası genişlənəcək. Amma bütün bunlardan qorxmamalıyıq, xalqımızın xoşbəxt gələcəyi yuxarıdan aparılan uğurlu islahatlara bağlıdır. İslahatlardan imtina, yaxud onun imitasiyası xalqımıza bədbəxtlik gətirəcək.
İslahatlar üçün ilk növbədə adı çəkiləndə insanlara orta əsrləri xatırladan, qanunsuzluq və özbaşınalıq simvolu kimi göz önünə gələn kadrlardan qurtulmaq lazımdır. Həmin kadrlarla aparılan islahatların yekunu qurdla quzunun dostluğunun sonu kimi qurtaracaq. O şəxslərdən qurtulmağın nə qədər çətin bir iş olduğunu da bildiyimdən, onlardan xilas olmağın bir yolunu da onlara sərəncam səlahiyyəti olmayan daha yüksək seromonial vəzifələrin verilməsində görürəm. İqtidar onları real hakimiyyətdən uzaqlaşdıra bilməsə əminliklə deyə bilərəm ki, şəbəkələşmiş, xarici dəstəyi və böyük vəsaitləri olan həmin “qurdlar “iqtidarı yaxın gələcəkdə sonu heç də yaxşı görünməyən siyasətin qurbanına çevirəcəkdir.
Bundan başqa hakimiyyət komandası, islahatlar naminə, daha geniş ictimai dəstəyə nail olmalı, xalq hərəkatının iştirakçısı olmuş təcrübəli və bacarıqlı kadrlarla gücləndirilməlidir. Bu həm də hakimiyyətə susamış, bu məqsədə çatmaq üçün hər cür təxribatlara hazır olan barışmaz və radikal müxalifətin sıralarını seyrəldəcək, onları ciddi ictimai dəstəkdən məhrum edəcəkdir. Daxili və xarici təzyiqlərə, təxribatlara qarşı dayanmaq üçün bu çox vacibdir. Bu zaman, təhqirə yol verməklə insanlıq xəttini keçmişlər istisna olmaqla, həmin şəxslərin zamanla iqtidarı necə sərt tənqid etməsinə yox, onların nə dərəcədə peşəkar və əməkdaşlığa nə qədər hazır olmalarına diqqət yetirilməlidir. Hazırda ictimai həyatda, islahatların uğurla davam etdirilməsinə tövhə verə biləcək çoxlu sayda bacarıqlı siyasətçilər, ekspertlər var. İqtidar komandasına xaricdən mütəxəssislərin dəvət olunması, hətta bəzi vəzifələrə təcrübəli və bilikli Qərbi Avropa, ABŞ vətəndaşlarının təyin olunması təcrübəsindən də istifadə olunmalıdır.

- Qüdrət bəy ilk atılacaq addımlar nədən ibarət olmalıdır?

- Kadr, instisional və struktur islahatları ilə yanaşı məhkəmə-hüquq və iqtisadi islahatlar paralel olaraq aparılmalıdır. Növbəti mərhələdə isə siyasi islahatlara gedilməli, hökumətin fəaliyyətinə parlament nəzarətini təmin etmək üçün Milli Məclisə növbəti seçkilər proporsional əsasda keçirilməli, qanunla ən çox səs toplamış partiyadan sonra ikinci və üçüncü yerləri tutmuş partiyaların topladıqları səsdən asılı olmayaraq fraksiya yaratmaq hüququ təsbit olunmalı, ölkə xalqımızın mentaliteti nəzərə alınaraq 2025-ci ildən gec olmayaraq parlamentli respublika modelinə keçməlidir.

- Hüquq və iqtisadi islahatlar istiqamətində hansı qərarlar qəbul olunmalıdır?

- Hakimlər ömürlük təyin olunmalı, onlar da Prezident kimi yalnız ağır cinayət törətdikdə vəzifələrindən kənarlaşdırılmalı, Məhkəmə Hüquq Şurasının Sədri və həlledici səs hüquqlu üzvləri hakimlər olmalıdır. Vətəndaşlara məhkəmələrə və qanunlara hörmət ruhu aşılamaq üçün andlı iclasçılar institutu bərpa və tətbiq olunmalı, hakimlərə onların layiqli həyatını təmin edəcək səviyyədə yüksək əmək haqqı verilməlidir. Bunlar edilmədən müstəqil və güclü məhkəmə hakimiyyətinə nail olmaq mümkün deyil. Məhkəmələrdə süründürməçiliyə son qoyulması üçün qanunla yuxarı instansiya məhkəməsinin işi təkrar baxılması üçün aşağı instansiya məhkəməsinə göndərmək hüququ aradan qaldırılmalıdır.
Bunlarla yanaşı təklif etmişdim ki, Baş Prokurorluğun yanında vahid Dövlət İstintaq Komitəsi yaradılsın. İlham Rəhimov Sizin sayta verdiyi müsahibədə Rusiyada bunun özünü doğrultmadığını və belə bir qurumun müstəqil olmasınının vacibliyini qeyd edib. Düşünürəm, İlham Rəhimovun da təklifi daxil, hüquqi islahatlarla bağlı səsləndirilən bütün təkliflər onların müəlliflərinin iştirakı ilə ciddi müzakirə olunmalıdır.
İqtisadi islahatlara gəldikdə isə sahibkarların ucuz kreditlərə çıxışının təmin olunması üçün Neft Fondunun vəsaitlərinin bir hissəsi yerli banklarda saxlanılmalı, iri müəssiələrin özəlləşdirilməsinə gedilməli, inhisarçı dövlət şirkətləri rəqabət mühitinin yaradılması üçün bir neçə yerə bölünməklə özəlləşdirilməli, xidmət sahələri ya özəlləşdirilməli, ya da uzunmüddətli əməli idarəetməyə verilməlidir. Nüfuzlu xarici bankların və xarici investisiyanın ölkəyə cəlb olunması üçün ciddi vergi güzəştləri nəzərdə tutulmalıdır. Dövət iqtisadiyyatda yalnız tənzimləyici rol oynamalıdır. Kənd təsərrüfatının inkişafı üçün vergi güzəştləri nəzərdə tutmaqla yeni emal müəssiələrinin yaradılması sitimullaşdırılmalıdır. Kənd təsərrüfatına dotasiya yalnız hazır məhsula görə verilməli, eyni məhsullar Azərbaycanda istehsal olunursa onların idxalına görə gömrük rüsumları artırılmalıdır. Çünki iqlim şəraiti və torpaqların münbitliyi Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının maya dəyərini keçmiş sovet respublikaları və Avropa ölkələri ilə müqayisədə xeyli yüksəldir. 

- Hazırda demokratik müxalifətin vəzifəsi nədən ibarət olmalıdır?

- İlk növbədə islahatları dəstəkləmək. Yuxarıda qeyd etdiyim mümkün təxribatların qarşısını almaq üçün etiraz aksiyalarına seçkilərə qədər moratorium qoymaq. Demokratik dövlət quruculuğu prosesinə ciddi təhlükə olan, dini siyasiləşdirməklə hakimiyyətə gəlmək istəyən, həm də teokratik xarici güclərə bağlı şəxslərin siyasətdə legitimlik qazanmalarına imkan verməmək. İkincisi, iqtidarda olarkən müxalifətə qarşı aqressiv münasibətilə seçilən, törətdikləri ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin iqtidara münasibətdə nə qədər sərt və barışmaz mövqe tutmalarından asılı olmayaraq cəmiyyətdə onların siyasi baxımdan reabilitasiya olunmasına imkan verilməməlidir. Həmin şəxslərin beş on manat puluna və beş -üç nəfər tərəfdarına görə ölkənin gələcəyinə xəyanət yolu tutulmamalıdır. Demokratik müxalifətin vəzifəsi hal-hazırda hakimiyyəti dəyişmək yox, daha müasir cəmiyyət qurmaq olmalıdır. Səhvləri düzəltmək olar, ancaq oğru qanunları ilə yaşayanlar düzəlməz. Elm də sübut edir ki, xarakter dəyişmir. Onlar hakimiyyətə gəlsə indiki iqtidarın əfv etməyib məhkum etdiyi iqtidar komandasının tör-töküntülərilə despotik bir rejim quracaqlar. Həbsxanada nələrisə bölüşmələrindən asılı olmayaraq demokratiyadan danışıb, demokratiyaya görə əziyyətlərə qatlaşdıqlarını deyənlər belələrini müşayiət etməzdən öncə papaqlarını qarşılarına qoyub yaxşı-yaxşı düşünməlidirlər.
Bir də yersiz radikallıq etməklə islahatları beynəlxalq dəstəkdən mərhum edib, iqtidardakı repressiya tərəfdarları olan kütbebyinlərə dolayısı ilə həm yerli, həm beynəlxalq dəstəyi təmin etməsinlər.

Moderator.az