“Qaydaları qanunla müəyyənləşdirməliyik”
Qüdrət Həsənquliyev: “40 min imzanın yoxlanılması üçün 2 ay müddətin qoyulması müəyyən suallar doğuracaq”

“Mən qanun layihəsinin hazırlanmasında iştirakı olan hər kəsə öz təşəkkürümü bildirirəm. Hesab edirəm ki, bu Konstitusiyanın tələbidir və biz,  40 min seçicinin qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsinin qaydalarını qanunla müəyyənləşdirməliyik”. 
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin növbədənkənar sessiyasında “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi barədə fikirlərini bölüşərkən deyib. Millət vəkili “hərçənd ki, konstitusiyaya bu normanın salınması hesab edirəm ki, artıq idi”, - deyə fikrini davam etdirib: “Amma artıq xalq öz iradəsini ortaya qoyub, bu konstitusion normadır. Azərbaycanda çoxpartiyalı sistem var. Parlamentdə çoxsaylı partiyalar təmsil olunur, müstəqil deputatlar, hakim partiya var. Burada istənilən qanun layihəsini seçicilər öz millət vəkilləri vasitəsilə gündəliyə təqdim edə bilərdi, insanlara da bu qədər əziyyət verməyə ehtiyac qalmazdı. Amma kimsə iddia edə bilər ki, guya bizdə demokratiya yoxdur və ona görə də bu hüquqdan istifadə etmək istəyirlər və s. Əgər iddia olunduğu kimi demokratiya yoxdursa, o zaman bu hüquqdan istifadə etməyin də heç bir mənası yoxdur. Doğrudur, bu təcrübədən istifadəyə cəhd olundu, amma bu şou və populizmdən başqa bir şey deyildi. Yəni əgər bu qanunu son nəticədə parlamentdə çoxluq təşkil edən partiya qəbul edəcəksə və çoxluq təşkil edən partiyanın 1 nəfər nümayəndəsinin belə layihəni dəstəkləməyəcəyi öncədən bəllidirsə, bu zaman belə bir qanun layihəsinin parlamentə təqdim etməyin nə mənası var? Əgər 1 nəfər razılıq verirsə və qanunu bəyənirsə, demək o bu layhənin müzakirə olunmasını da təklif edə bilər. Əgər 1 nəfər belə layihəni hətta parlamentdə təklif etməkdən imtina edirsə, burada müzakirə olunsa da o qanun qəbul olunmayacaq. O zaman bunun mənası nədir? Yox, əgər məqsəd bunu ictimaiyyətə çatdırmaqdırsa, onda layihəni hazırlayın, mətbuatda çap edin, xalq da həmin layihə ilə tanış olsun. Hansısa deputatın da ağlına batarsa, qanunvericilik təşəbbüsü hüququndan istifadə edib onu Milli Məclisin gündəliyinə təqdim edər. Amma mən nəyi qeyd etmək istəyirəm? Hesab edirəm ki, - hörmətli Əflatun Amaşov da məndən öncə söylədi – yəni biz imkan verməməliyik bunu kimsə o cür qiymətləndirsin ki, qanun əslində seçicilərin bu hüququndan istifadəni məhdudlaşdırmağa, onu çətinləşdirməyə yönəlib.
Məsələn, qanun layihəsində qeyd olunur ki, təşəbbüs qrupunun üzvlərinin sayı 300 nəfər olmalıdır. Yaxud təşəbbüs qrupu öz fəaliyyəti dövründə yalnız 1 layihə təqdim edə bilər. Mərkəzi Seçki Komissiyası isə 2 ay ərzində qərar qəbul etməli, bundan sonra ekspertiza keçirməlidir. Hesab edirəm ki, Mərkəzi Seçki Komissiyası yalnız təşəbbüs qrupunu qeydə almalıdır. 
Qeydə alandan sonra onlara imza vərəqəsi verməli, imza vərəqələri geri qaytarılandan sonra onu yoxlamalı və Milli Məclisə göndərməlidir. Bizim o qanuna baxmağımız üçün 2 ay vaxtımız var. Bizə əgər müvafiq rəy üçün ekspertiza lazımdırsa, göndərməliyik, müvafiq eskpertiza rəyini Milli Məclis almalıdır və 2 ay arzində də buna baxmalıyıq. Məsələn, bizdə Prezident seçkiləri, parlament seçkiləri 2 ay ərzində keçirilirsə - məsələn Prezident seçkilərində bəzən 10-15 namizəd ola bilər - amma onların hamısının qısa müddətdə imzaları yoxlanılırsa -  tutaq ki bir təşəbbüs qrupunun təqdim elədiyi 40 min imzanın (prezident seçkisində də 40 min imza lazımdır) yoxlanılması üçün 2 ay, yəni bütün seçki müddətinin qoyulması sözsüz ki, müəyyən suallar doğuracaq. Düşünürəm ki, biz bu xırda detalları aradan qaldırsaq, yaxşı olar. Bütövlükdə qanunu normal hesab edirəm və bu düzəlişlərlə qanun layihəsinə səs verəcəyəm”.

Əli