Avropa Parlamentinin vitse-spikeri BAXCP-də olub
BAXCP-nin tamhüquqlu üzv olduğu Avropa İslahatçıları və Mühafizəkarları Alyansının təmsilçiləri Qüdrət Həsənquliyevlə görüşüblər


Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) tamhüquqlu üzv olduğu Avropa İslahatçıları və Mühafizəkarları Alyansının (Alliance of Conservatives and Reformists in Europe - ACRE) təmsilçiləri -

Avropa Parlamentinin vitse prezidenti Riçard Çarneçki, Avropa Parlamentinin Böyük Britaniyadan və Polşadan olan deputatları David Kampbell Bannerman və Kosma Tadeuş Zlotovski BAXCP-nin mənzil-qərargahında olublar və partiyanın sədri Qüdrət Həsənquliyevlə görüşüblər. 
Qüdrət Həsənquliyev partiyanın tərəfdaşlarını və dostlarını BAXCP-nin mənzil-qərargahında salamlamaqdan məmnun olduğunu bildirib. 
Görüşdə BAXCP-nin ACRE ilə əməkdaşlığının gələcək perspektivləri, Alyansa üzv olan partiyalar arasında əməkdaşlığın daha da genişləndirilməsi, Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində BAXCP-nin namizədi Qüdrət Həsənquliyevin iştirakı, irəli sürdüyü təşəbbüslər də digər məsələlər ətrafında geniş müzakirə aparılıb. BAXCP sədri, eyni zamanda qonaqları maraqlandıran bir sıra sualları da cavablandırıb.
Görüşdə Avropa Parlamenti vitse-spikerinin kabinetinin direktoru Beata Sobkieviç, BAXCP-nin baş katibi Yaşar Kələntərli, BAXCP sədrinin müavinləri Elçin Mirzəbəyli və Niyaməddin Orduxanlı iştirak ediblər.