BAXCP-dən Emin Millinin “Nifrətə qalib gələk” çağırışına dəstək
İdarə Heyəti: “Cəmiyyəti inkişafa aparan yol nifrətdən, aqressiyadan deyil, sağlam tənqiddən və təhlildən, diskussiya və dialoq mədəniyyətindən, qarşılıqlı hörmətdən keçir”


BAXCP İdarə Heyəti Meydan TV-nin keçmiş rəhbəri Emin Millinin “həyatının müxtəlif anlarında nifrət ifadə etdiyinə görə” üzr istəməsini təqdir etdiyini bildirib və eyni üslubu sərgiləyən digərlərini Emin Millidən nümunə götürməyə çağırıb.
BAXCP İdarə Heyətinin açıqlamasında qeyd olunur ki, cəmiyyəti inkişafa aparan yol nifrətdən, aqressiyadan deyil, sağlam tənqiddən və təhlildən, diskussiya və dialoq mədəniyyətindən, qarşılıqlı hörmətdən keçir: “Hesab edirik ki, hazırda cəmiyyətin diqqəti ölkəmizdə həyata keçirilən islahatların dərinləşməsi prosesinin fəal müdafiə olunmasına və Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə yönəldilməlidir”.
BAXCP İdarə Heyəti, həmçinin Emin Millinin “Nifrətə qalib gələk!” çağırışına dəstək verdiyini bəyan edib.

“Xarici dillərin tədrisi ilə bağlı Dövlət Proqramı qəbul edilməlidir”

İdarə Heyətinin müzakirə etdiyi digər məsələ orta və ali təhsil müəssisələrində xarici dillərin tədrisinin gücləndirilməsi ilə bağlı olub. Partiya hesab edir ki, Azərbaycanda xarici dillərin, xüsusilə də ingilis dilinin tədrisi ilə bağlı Dövlət Proqramı qəbul edilməlidir: “Proqramda ən son elmi-texniki nailiyyətlər və kəşflərlə dərhal, tərcüməsiz tanış olmaq imkanı verən xarici dillərə xüsusi diqqət ayrılmalıdır”.