BAXCP Ali Məclisinin sessiyası keçirilib
Sessiyada son parlament seçkilərinin nəticələri, partiyanın yeni gerbi ilə bağlı layihə və təşkilat məsələləri müzakirə olunub

 Bu gün Bütöv Azərbaycan
Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin növbəti sessiyası keçirilib.
 


Sessiyada son parlament seçkilərinin nəticələri, partiyanın yeni gerbi ilə
bağlı layihə və təşkilat məsələləri müzakirə olunub. İclası giriş sözü ilə açan
Ali Məclisin sədri Teyyub Qənioğlu BAXCP-nin Avropa Mühafizəkarlar və
İslahatçılar Alyansına üzvlüyü, seçkilərdə iştirakı və partiya həyatı ilə bağlı
olan digər məsələlər barədə məlumat verib.

Daha sonra BAXCP-nin Baş katibi Söhrab Abdullayevin partiyanın parlament
seçkilərində iştirakı ilə bağlı hesabatı dinlənilib və qənaətbəxş hesab edilib.

BAXCP sədrininin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli partiyanın
Avropa Mühafizəkarlar və İslahatçılar Alyansına üzvlüyü ilə bağlı Ali Məclis
üzvlərini məlumatalandırıb və bunun hər bir partiya üzvünün həyatında mühüm
hadisə olduğunu bildirib. 

BAXCP-nin yeni gerbininin nümunəsini Ali Məclis üzvlərinə təqdim edən Elçin
Mirzəbəyli layihənin İdarə Heyətində dəfələrlə müzakirə olunduğunu və
ictimaiyyyət tərəfindən maraqla qarşılandığını xatırladıb. Elçin Mirzəbəyli
partiyanın yeni rəmzinin Azərbaycan Səfəvilər Dövlətinin gerbi əsasında
hazırlandığını vurğulayıb və qeyd edib ki, BAXCP-nin nizamnaməsinin tələblərinə
görə gerb haqqında yekun qərar yalnız partiyanın qurultayında verilə bilər. 

Ali Məclis gerblə bağlı müzakirələrin davam etdirilməsini və İdarə Heyəti
tərəfindən təqdim olunan layihənin BAXCP-nin növbəti qurultayının müzakirəsinə
çıxarılmasını məqsədəuyğun sayıb.

Gerblə bağlı müzakirələrdən sonra BAXCP sədrinin Dünya Azərbaycanlıları və türk
dünyası ilə əlaqələr üzrə müavini Yaşar Kələntərli fəaliyyət istiqamətinə aid
olan məsələlər və görülən işlər barədə məlumat verib. 

BAXCP Ali Məclisi öz işini təşkilat məsələləri ilə bağlı müzakirələrlə davam
etdirib.