Ermənistan NATO PA-da ifşa olundu
Qüdrət Həsənquliyev: NATO Parlament Assambleyasının bu dəfəki sessiyasını Azərbaycan üçün tam uğurlu saymaq olar

Dünən Albaniyanın paytaxtı Tiranada baş tutan növbəti NATO PA sessiyasında Azərbaycan nümayəndə heyəti Ermənistana daha bir sarsıdıcı zərbə vurub.

Sessiyanın gedişi barədə nümayəndə heyətinin üzvü, BAXCP sədri Qüdrət Həsənquliyev məlumat verib. Millət vəkili bildirib ki, bu sessiyanı Ermənistanın təcavüzkar siyasətinin növbəti dəfə ifşa edilməsi kimi qəbul etmək olar:
"NATO Parlament Assambleyasının plenar iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, vitse-spiker Ziyafət Əsgərov qurumun baş katibinin müavini Aleksandr Verşbouya Azərbaycan - Ermənistan münaqişəsi barədə sual verdi. NATO rəsmisi də bəyan etdi ki, qurum Azərbaycanın ərazi bütövlüyünü tanıyır və sərhədlərin zor gücünə dəyişdirilməsi NATO üçün qəbulolunmazdır. NATO rəsmisinin bu açıqlaması auditoriya tərəfindən çox yüksək qəbul olundu və nəticədə Ermənistan nümayəndə heyətinin rəhbəri çıxışını yekunlaşdıranda ona əl çamaqdan imtina etdilər.
Sonra Rusiya əleyhinə qərar qəbul olunarkən mənim çıxışım oldu, Rusiyanın Gürcüstanın və Ukraynanın torpaqlarını işğal etməsinə dair qərar qəbul olunarkən mən çıxış edərək bildirdim ki, ikili standartlar siyasəti həm beynəlxalq hüququ zədələyir, həm də ona olan hörməti azaldaraq yaşadığımız dünyanı daha təhlükəli edir. 
Bundan başqa bildirdim ki, 2014-cü ildə Britaniyanın Veas şəhərində NATO sammitinin qəbul etdiyi qətnaməyə görə NATO Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Aleksandar Verşbou isə bunu bu gün bir daha təsdiq elədi. Belə olduğu halda nədən NATO Azərbaycanın ərazilərini işğal etmiş Rusiyanın hərbi müttəfiqi olan Ermənistanın fəaliyyətini pisləmir? Bildirdim ki, əslində Ermənistanın da təcavüzkar siyasəti qətiyyətlə pislənilməlidir. Bundan sonra Ermənistan nümayəndə heyəti yerdən hay-küy salmağa başladılar, amma sessiyanın sonunda əksər parlamentarilər bizə yaxınlaşaraq təbrik etdilər və Ermənistanı Rusiyanın hərbi-siyasi müttfəqi kimi ifşa etdiyimizi, onların bilərəkdən sülh danışıqlarını pozduqlarını güclü arqumentlərlə ortaya qoyduğumuzu bildirdilər.
Qeyd edim ki, nümayəndə heyətimizin bütün üzvləri müxtəlif komitələrdəki müzakirələrdə aktiv şəkildə iştirak etdilər və hesab edirəm ki, NATO Parlament Assambleyasının bu dəfəki sessiyasını Azərbaycan üçün tam uğurlu saymaq olar. 
Onu da vurğulayım ki, bu sessiya Albaniyanın Tirana şəhərində keçirilir və yeri gəlmişkən bildirim ki, nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovla Albaniya parlamentinin spikerinin maraqlı görüşü baş tutdu. Albaniya parlamentinin spikeri də birmənalı olaraq bəyan etdi ki, Albaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab edir. Sikerin bu cür qətiyyətli mövqeyini Albaniyanın bütün mediası, telekanalları bir neçə dəfə yayınladılar”.