Tunis təəssüratlarım...
Yaxud məğribin gecikən baharı


...Aralıq dənizinə otelin pəncərəsindən baxıram. Kimsəsiz sahildə ayaq izləri belə görünmür. Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının zirvə toplantısı ilə əlaqədar təhlükəsizlik tədbirləri ən yüksək həddə çatdırılıb. Sahilə ayaq basıb qum üzərində - dalğaların, yaxud küləyin bir göz qırpımında silə biləcəyi bir iz qoymaq şansım belə yoxdur. Təhlükəsizlik xidmətinin xahişimi gülər üzlə qarşılayıb yerinə yetirmək imkanı olmayan əməkdaşları otelin həyətindəki hovuzun ətrafında gəzməyimi məsləhət görürlər. 
Son terror hadisəsindən sonra bura istirahət üçün gələnlərin sayı yetərincə azalıb. Nə ekzotik meyvələr, nə qumlu sahil, nə də Aylı gecələrdə dalğaların üzərində rəqs edən işıq zərrəcikləri, nə də qızmar Afrika Günəşinə görə kimsə həyatını təhlükəyə atmaq istəmir. “Ərəb baharı”ndan sonra bu yerlərə payız gəlməyib. Və ərəblər “demokratiya”dan aşırı inanc və entuizazmla gözlədiklərini ala bilməyiblər. Bu yerlərdə “demokratiya” bar vermədən başını aşağı salıb. Sabitlik maksimim təhlükəsizlik tədbirləri bahasına qorunsa da, rəsmilər işsizliyin kifayət qədər yüksək olduğunu deyirlər... Ölkənin əsas gəlir mənbəyi olan turizm sektoru çökdüyü üçün gənclər, xüsusilə də qadınlar başqa ölkələrə üz tutmaq məcburiyyətində qalıblar. Dil maneəsi olmadığı üçün Fransaya gedənlərin sayı çoxluq təşkil edir...


İlkə atılan imza

Sammitin ilk günü Avropa Mühafizəkarlar və İslahatçılar Alyansını Şurasının toplantısı ilə başladı. 
Alyansın prezidenti Jan Zahradil konfranslararası dövrdə görülən işlərdən, həyata keçirilən layihələrdən danışdı. AECR prezidentinin çıxışı zamanı tərəfdaş və üzv partiyalarla birgə həyata keçirilən layihələr barədə qısa filmlər nümayiş etdirildi.
Jan Zahradilin çıxışından sonra Alyansın icraçı direktoru Riçard Milsom üzv partiyalara maliyyə hesabatını təqdim etdi və növbəti il ərzində həyata keçiriləcək layihələr barədə məlumat verdi.
Çıxışlardan sonra yeni üzvlərin qəbulu barədə məsələnin müzakirəsinə başlanıldı. Alyansın üzvlüyünə namizəd olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, İtaliya Mühafizəkarlar və İslahatçılar Partiyası, Finlandiya Finlər Partiyası və Slovakiya Azadlıq və Həmrəylik Partiyasının rəhbərləri təqdimat nitqi ilə çıxış etdilər.
BAXCP sədri Qüdrət Həsənquliyev partiyanın fəaliyyətindən, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində yaranmış münaqişənin tənzimlənməsindən, Azərbaycanda keçirilən son parlament seçkilərindən və BAXCP-nin prioritetlərindən danışdı. BAXCP sədrinin çıxışı zamanı partiyanın fəaliyyətini əks etdirən slayd nümayiş olundu.
Çıxışlardan sonra Alyansa yeni üzv olan partiyaların sədrləri Reykyavik bəyyannaməsini imzaladılar. 
Reykyavik bəyyanaməsi 10 prinsipdən ibarətdir. Bəynnamədə qeyd olunur ki, Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı (AECR) şəxsiyyət azadlığı, dövlət müstəqilliyi, parlament demokratiyası, qanunun aliliyi, mülkiyyətin toxunulmazlığı, aşağı vergilər, dayanıqlı valyuta, azad ticarət, hakimiyyətin şəffaf rəqabətlilik əsasında ötürülməsi prinsipləri əsasında bir araya gələn tərəfləri birləşdirən ittifaqdır:
1. AECR Avropanın müstəqil dövlətlərinin öz ərazi bütövlüklərini və milli özünəməxsusluqlarını qorumaqla qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edə biləcəklərinə inanır.
2. AECR ərazisindən, bu və ya digər beynəlxalq təşkilata üzvlüklərindən asılı olmayaraq Avropanın bütün demokratik dövlətlərinin bərabər hüquqlu olduqlarını bəyan edir.
3. AECR hakimiyyətin ən aşağı səviyyədən – fərdlərdən başlayaraq, yerli, dövlət və dövlət üstü orqanlaradək bərabər əsaslarla paylaşılmasını təşviq edir.
4. AECR açıq cəmiyyətin dövlətin təsirindən maksimum mühafizə olunan şəxsiyyətin azadlığına və ləyaqətinə söykəndiyini qəbul edir. Şəxsiyyət azadlığı isə özündə vicdan, söz və ifadə, sərbəst hərəkət və birləşmə, məşğulluq azadlıqları, eləcə də şəxsiyyətin repressiv, özbaşına və cəzalandırma üsullarıyla vergiyə cəlbedilmədən azad olduğunu ehtiva edir.
5. AECR etnik və cinsi mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq bütün vətəndaşların qanun qarşısında bərabər olduqlarını bildirir. 
6. AECR ekstrimizm və avtoritarizmin bütün formalarını rədd edir.
7. AECR ailələrin və vətəndaş cəmiyyəti subyektlərinin şəxsiyyətlə hakimiyyət arasında mühüm rola malik olduğunu bildirir.
8. AECR müstəqil dövlətlərin özünəməxsus demolratik qanunvericiyini qəbul edir. 
9. AECR Avropa və dünya miqyasında sərbəst ticarəti və azad rəqabəti təşviq edir.
10. AECR 2009-cu ildə qəbul edilmiş Praqa bəyannaməsinin prinsiplərini, Avropa Mühafizəkarlar və İsahatçılar Alyansının Avropa Parlamentində, eləcə də digər parlamentar şura və assambleyalardakı fəaliyyətini dəstəkləyir.
Xatırladım ki, BAXCP Avropa Mühafizəkarlar və İslahatçılar Alyansına üzv olan və Reykyavik bəyannaməsini imzalayan ilk Azərbaycan partiyasıdır. Xeyirli-uğurlu olsun!

Məğrib sammiti

Avropa Mühafizəkarlar və İslayatçılar Alyansı Şurasının toplantısı başa çatdıqdan sonra “ərəb baharı”ndan sonra regionda yaranmış vəziyyətə həsr olunmuş Məğrib zirvəsi öz işinə başladı. Noyabrın 13-də, saat 13:30-da başlayan və bir neçə plenar iclastan ibarət olan Zirvə toplantısı noyabrın 14-də, günün birinci yarısı öz işini başa vurdu.
Plenar iclaslarda Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti Jan Zahradil, Alyansın Avropa Parlamentindəki qrup rəhbəri Seyid Kamal, Baronessa Sayeeda Varsi, Avropa Şurası Parlament Assambleyasının vitse prezidenti və Türkiyə nümayəndə heyətinin bu qurumdakı rəhbəri Reha Denemeç, Tunis Parlamentinin və İstiqlal Partiyası İdarə Heyətinin üzvü Adil Ben Hamza, İtaliya Mühafizəkarlar Partiyası sədrinin müavini, deputat Daniel Cappezone, Tunisin Milli Dialoq Dördlüyünün təmsilçisi Ouided Bauçamaoyi, Tunisin keçmiç xarici işlər naziri Rafiq Absessalam, Polşanın sabiq xarici işlər naziri Anna Fotiga, Tunis Ennahda Partiyasının lideri Çeik Rəşid Ghannouçi, AECR-in baş katibi və Avropa Parlamentinin üzvü Daniel Hannan, Kanada senatının üzvü Salma Ataullahcan, Tunisin Kommunikasiya Texnologiyaları naziri Nomane Fehri, İslandiyanın keçmiş dövlət naziri Thor Thordarson, Avropa Parlamentinin vitse prezidenti Riçard Kzarneçki, Avropa Parlamentinin üzvü Amjad Başir, Tunisin Daxili İşlər naziri Mohamed Najem Gharsalli, Beynəlxalq Böhran Qrupunun aparıcı təhlilçisi Mikayıl Ayari, İspaniyanın Xarici İşlər naziri Jorge Vazques Kosta, Lüksemburq Demokratik Alternativ Partiyasının sədri Fernand Kartheiser, Böyük Britaniya Lordlar Palatasının üzvü Baron Martin Kallanan, Tunisin Əmək naziri Zied Ladhari, Tunizin, İnkişaf, Yatırım və Beynəlxalq Əməkdaşlıq naziri Yassin Brahim “ərəb baharı” və regionda baş verən digər hadisələrlə bağlı məruzə etdilər.

Tarixə və mədəniyyətə açılan güllə

Tunisə səfərimizin ən yaddaqalan hissələrərindən biri də Bardo Milli Muzeyini ziyarətimiz oldu. 
Təəssüf ki, Bardo Milli Muzeyi tarixə təkcə dünyanın ən böyük mozaika muzeyi kimi deyil, həm də terror aksiyasının həyata keçirildiyi məkan kimi də düşüb. Bu il martın 18-də İŞİD və Əl Qaidə terrorçularının muzeyə hücumu nəticəsində aralarında Yaponiya, İtaliya, Kolumbiya, İspaniya, Rusiya, Böyük Britaniya, Avstraliya, Fransa və Polşalı turistlərin də olduğu 23 nəfər həlak olub.
Museyin divarlarında və bəzi eksponatların üzərində güllə izləri hələ də qalmaqdadır və bu izlər terrorun təkçə ayrı-ayrı millətləri, dinləri təmsil edən insanların deyil, bütövlükdə bütün bəşəriyyətin düşməni olduğunu nümayiş etdirir. Bu güllə izləri həm də cəhalət, xurafat və nadanlığın intellektə, mədəniyyətə, tarixə qarşı elan olunmamış əbədi savaşının göstəricisidir. 
Tunis mədəniyyətlərin qovşağıdı və Bardo Milli Muzeyi bu ölkənin qədim tarixini dini ehkamların dili ilə deyil, mədəniyyət vasitəsilə nümayiş etdirən yeganə məkandır. Tunis həm də qədim və nəhəng Roma mədəniyyətinin ayrılmaz bir parçasıdır. Nəhəng, divar boyu işlənmiş mozaikalarda bu mədəniyyətin izlərini ən incə cizgilərinə kimi görmək mümkündür. Bələdçinin uzun-uzadı söhbətlərindən yorulub otaqdan-otağa addımlayır, Roma mədəniyyətinin əfsənəvi nümunələrinə heyranlıqla tamaşa edirik. Diqqətimizi Roma imperatorlarının büstləri cəlb edir. İndi onlardan yalnız büstlər qalıb... Mark Avrelinin büstünün qarşısında dayanıb bu böyük dövlət xadiminin və nəhəng filosofun şəxsiyyəti haqqında düşünürəm. 
Vfhr Avrelinin hakimiyyəti dövründə dövlət bütün xəstələrin və əlillərin qayğısını öz üzərinə götürmüşdü. Avreli sosial dövlət anlayışının əsasını qoyan ilk imperatordur. O varlılardan daha çox vergi tutulması barədə göstəriş vermişdi. Bu vəsaitlərin hesabına aztəminatlı ailələr və kimsəsizlər üçün sığınacaqlar tikilmiş, gənclərin fəlsəfə və digər dünyəvi elmləri öyrəndiyi təhsil ocaqlarının əsası qoyulmuşdu...
...Və indi Mark Avreli kimi tarixin o başından boylanan işıqlı bir şəxsiyyətin büstü qarşısında dayanıb “ərəb baharı” haqqında düşünmək qəribə gəlir adama. Mənə elə gəlir ki, burada sadəcə zaman, texnologiya və insanların geyimi irəli gedib, dünyagörüşü və mədəniyyət isə Mark Avrelidən çox-çox əvvəllərə qayıdıb...
“Güclə qazana bilmədiyini, ağılla fəth edə bilərsən”, “İnsan düşdüyü şəraitə görə deyil, mahiyyət etibarı ilə ləyaqətli olmalıdır” və yüzlərlə bu kimi tarixin bütün dövrləri üçün aktual olan fikirlərinin müəllifinin – böyük hökmdar və filosof Mark Avrelinin büstünün önündən çəkilib başı, qolu, ayağı və digər əzaları sınmış, yaxud sındırılmış heykəllərin önündən keçirəm. Görünür İŞİD təkcə bu günün bəlası deyil... İŞİD bəlkə də terror qrupundan daha çox əsrlərlə bizimlə birgə addımlayan təpəgözlərin “fəlsəfəsi”dir, amöblərin “dünyagörüşü”dür...
...Bardo Milli Muzeyi geridə qalır. Bir neçə saatdan sonra Tunisə səfərimiz də başa çatacaq. Bu səfərdən çıxardığımız qənaət isə çox güman ki, uzun illər boyu bizimlə yanaşı addımalayacaq, bizi dəyərlərimizə sahib çıxmaq, onları qorumaq üçün daha cəsarətli olmağa sövq edəcək. Cəhalətin, nadanlığın qarşısında əsla geri çəkilmək olmaz... Tunis xalqına önündə milli, yaxud dini mənsubiyyət ifadə edən sözlərin deyil, yüksək bəşəri dəyərlərin yer aldığı gerçək bir bahar arzulayaraq geri qayıdırıq...
Salam, Bakı...

Elçin Mirzəbəyli

Bakı-Tunis-Bakı