BÜTÖV AZƏRBAYCAN
XALQ CƏBHƏSİ PARTİYASININ NİZAMNAMƏSİ

 

1.Ümumi müddəalar

1.1. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Azərbaycanda müstəqil, bütöv, demokratik, dünyəvi hüquqi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə ətrafında milli, irqi, dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq, Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən, ölkənin siyasi həyatında iştirak edən siyasi partiyadır.
1.2. BAXCP öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, «Siyasi partiyalar haqqında» qanunu, dövlət qanunvericilik aktları, beynəlxalq hüquq normaları, öz Nizamnaməsi və Məramnaməsi əsasında qurur. Könüllülük, partiya üzvlərinin hüquq bərabərliyi, özünüidarə, qanunçuluq, aşkarlıq və Azərbaycan Respublikası vətəndaşlarının iradəsinin formalaşdırılmasının təşkili BAXCP-nin fəaliyyətinin başlıca prinsipləridir.
1.3. BAXCP-nin ideoloji prinsipləri, fəaliyyət sahələri partiyanın Məramnaməsində əks etdirilir.

2.Məqsəd və vəzifələri

2.1. BAXCP-nin məqsədi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, Azərbaycanda mülki cəmiyyətin inkişaf yolu ilə demokratik hüquqi dövlətin formalaşdırılmasıdır.
2.2. BAXCP zorakılığı, terrorizmi məqsədəçatma üsulu kimi pisləyir və öz fəaliyyətində Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq demokratik mübarizənin bütün formalarından istifadə edir.
2.3. Partiya seçkili dövlət orqanlarına seçilmiş nümayəndələri vasitəsilə öz Məramnamə məqsədlərini həyata keçirməyə çalışır.
2.4. BAXCP qanunla qadağan olunmamış bütün informasiya vasitələrindən istifadə edərək, respublikada və dünyada baş verən ictimai-siyasi hadisələrə, aksiyalara öz münasibətini bildirir, əhalinin xəbərdarlığının artmasına, siyasi səviyyəsinin yüksəldilməsinə, aşkarlığın təmin olunmasına çalışır.
2.5. BAXCP ictimai fikrin düzgün formalaşmasında və xalqın mənafeyinə uyğun demokratik qanun layihələrinin ümumxalq müzakirəsində iştirak edir, Azərbaycanın ümumi mənafeyi ilə bağlı ictimai-siyasi, sosial və mədəni sahələrdə mühüm proqram və layihələrin hazırlanmasını, yaxud onların mütəxəssislər vasitəsilə qiymətləndirilməsini təşkil edir.

3.Fəaliyyət formaları

3.1. Partiya:
- ictimai rəyin formalaşmasına təsir göstərir;
- öz üzvlərinin siyasi fəallığına rəvac verir;
- vətəndaşları öz sıralarından seçkili dövlət orqanlarına irəli sürür;
- Azərbaycan Respublikasının qanunvericilik və icra hakimiyyəti orqanlarının fəaliyyətinə, qanunvericiliyə və Nizamnaməsinə uyğun şəkildə fəaliyyət göstərir;
- siyasi və sosial proqramlar hazırlamaq yolu ilə Azərbaycan Respublikasının daxili və xarici siyasətinə təsir göstərir;
- elmi konfranslar, seminarlar, diskussiyalar və digər tədbirlər keçirir.

4.BAXCP-nin hüquq və vəzifələri

4.1.Partiya
-  məqsəd və vəzifələri barədə məlumatları sərbəst yayır;
-  könüllülük əsasında siyasi bloklar, ittifaqlar, birliklər, federasiyalar yaradır;
- beynəlxalq qeyri-hökumət təşkilatlarıyla əməkdaşlıq edir, beynəlxalq təşkilatlarla birbaşa əlaqələr yaradır,
- dövlət orqanlarında qərarların hazırlanması və icrasına demokratik yolla təsir göstərir;
- Azərbaycan Respublikası prezidenti, parlament və digər seçkili dövlət orqanları seçkilərində, Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının formalaşdırılmasında demokratik yolla (müstəqil surətdə, başqa partiyalar, təşkilatlarla blok və ya ittifaqda) iştirak edir;
- dövlət orqanlarında və ictimai orqanlarda öz üzvlərinin mənafelərini təmsil edir və hüquqlarını qoruyur;
- kütləvi informasiya vasitələri təsis edir və nəşr edir;
- qanunla müəyyən edilmiş qaydada mitinqlər, nümayişlər, yığınqcaqlar, piketlər və başqa kütləvi tədbirlər keçirir;
- Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qadağan olunmamış digər funksiyaları həyata keçirir.

5.BAXCP üzvlüyünə qəbul, üzvlərin hüquq və vəzifələri

5.1. BAXCP-nin Məramnaməsini və Nizamnaməsini qəbul edən, 18 yaşına çatmış, fəaliyyət qabiliyyətli hər bir Azərbaycan vətəndaşı BAXCP üzvü ola bilər.
5.2. Siyasi partiyalarda üzvlüyü qanunla qadağan edilər şəxslər, habelə digər siyasi partiyaların üzvləri eyni zamanda BAXCP üzvü ola bilməzlər.
5.3. BAXCP üzvlüyünə qəbul fərdi qaydada, partiyaya daxil olmaq istəyənin yazılı ərizəsinə, dayaq dəstəsi tərəfindən həyata keçirilir. Həmin qərar vilayət, şəhər, rayon təşkilatının İdarə Heyəti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir. Dayaq dəstəsi olmayan yerlərdə birbaşa vilayət, şəhər, rayon təşkilatının İdarə Heyəti partiyaya qəbul üçün müraciət edənlərin məsələsinə baxır və müvafiq qərar qəbul edir.
5.4. BAXCP İdarə Heyəti lazım bildiyi hallarda ayrı-ayrı şəxsləri partiya üzvlüyünə qəbul edə bilər. Bu halda həmin şəxslər müvafiq dayaq dəstəsində qeydiyyata alınır.
5.5. BAXCP üzvünün hüquqları:
- partiyanın bütün tədbirlərində iştirak etmək;
- partiyanın fəaliyyətinə dair bütün sahələr üzrə təkliflər vermək, onu müzakirə etmək, bu və ya digər məsələ barədə təşəbbüs qaldırmaq;
- vəzifəsindən asılı olmayaraq, hər hansı partiya üzvünün və orqanının fəaliyyətini, yalnız müvafiq qurumlarda tənqid etmək;
- partiyanın seçkili orqanlarına seçilmək və namizəd irəli sürmək;
- partiyanın seçkili orqanlarının verdiyi səlahiyyət daxilində həmin orqanı lazımi yerlərdə təmsil etmək;
- partiya sıralarından sərbəst surətdə çıxmaq.
5.6. BAXCP üzvünün vəzifələri:
- partiya Nizamnaməsinin tələblərinə əməl etmək və partiyanın Məramnaməsində müəyyən edilmiş vəzifələrin həyata keçirilməsinə çalışmaq;
- partiyanın seçkili orqanlarının qəbul etdiyi qərarları, partiya rəhbərliyinin verdiyi sərəncamları vaxtında yerinə yetirmək;
- partiyanın şərəfini yüksək tutmaq və onun ideyalarını yaymaq;
- milli-mənəvi dəyərlərimizə və etik normalara uyğun davranmaq;
- üzvlük haqqını vaxtında ödəmək.
5.7. BAXCP-də üzvlük haqqının məbləği hər bir partiya üzvü üçün fərdi qaydada aylıq əmək haqqının bir faizindən az olmayaraq müəyyən edilir.

6.İntizam-tənbeh tədbirləri

6.1. BAXCP-nin Nizamnamə və Məramnamə prinsiplərini pozan partiya üzvlərinə aşağıdakı intizam-tənbeh tədbirləri tətbiq edilə bilər:
- xəbərdarlıq;
- töhmət;
- seçkili orqanın tərkibindən çıxarma;
- partiyadan xaric etmə.
6.2. BAXCP üzvü ona tətbiq olunmuş intizam-tənbeh tədbiri haqqında bir ay ərzində bütün mərhələlərdə partiyanın nəzarət-təftiş orqanlarına şikayət edə bilər. BAXCP Ali Məclisinin Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) rəyi əsasında qəbul etdiyi qərar qətidir.
6.3. Ali Məclis, İdarə Heyəti, MNTK, vilayət, şəhər və rayon təşkilatlarının nəzarət-təftiş komissiyalarının (NTK) üzvləri və vilayət, şəhər, rayon təşkilatlarının sədrləri haqda intizam-tənbeh tədbirləri MNTK-nın rəyi əsasında BAXCP İdarə Heyəti tərəfindən həyata keçirilir. İdarə Heyətinin qərarından Ali Məclisə şikayət verilə bilər.

7.BAXCP-nin təşkilat quruluşu və rəhbər orqanları

7.1.BAXSP-nin təşkilat quruluşuna və rəhbər orqanlarına aşağıdakılar daxildir:
- BAXCP-nin qurultayı (konfransı);
- BAXCP-nin sədri;
- BAXCP-nın Ali Məclisi;
- BAXCP-nin Mərkəzi Nəzarət Təftiş Komissiyası;
- BAXCP-nin İdarə Heyəti;
- BAXCP-nin İcra Aparatı;
- BAXCP-nin vilayət, şəhər və rayon təşkilatlarının konfransları;
- vilayət, şəhər və rayon təşkilatlarının Nəzarət-Təftiş Komissiyaları;
- vilayət, şəhər və rayon təşkilatlarının sədrləri;
- vilayət, şəhər və rayon təşkilatlarının məclisləri;
- dayaq dəstələri;
7.2.BAXCP strukturunun bütün pillələrinin seçkili orqanlarında:
- üzvlərin yarıdan çoxu iştirak etdikdə iclas səlahiyyətli sayılır;
- iştirakçıların istəyinə uyğun olaraq bütün qərarlar qapalı (gizli) və ya açıq səsvermə yolu ilə qəbul olunur;
qərarlar (partiya sədrinin etirazı ilə əlaqədar təkrar səsvermə istisna olmaqla) iştirakçıların səs çoxluğu (50 + 1 nəfər) ilə qəbul olunur.
7.3. BAXCP-nin struktur vahidləri ölkənin inzibati ərazi bölgüsünə görə yaradılır. Dayaq dəstəsi ən azı üç nəfər partiya üzvünün olduğu yerdə yaradılır və rayon, şəhər təşkilatının məclislərində qeydə alınır.
7.4. Şəhər, rayon təşkilatı dayaq dəstələrinin və partiya üzvlərinin sayını nəzərə almaqla dayaq dəstələrindən seçilmiş nümayəndələrin konfransında yaradılır və BAXCP Ali Məclisində qeydə alınır. Qeydə alınmaya qədər partiya sıralarına qəbulu, dayaq dəstələrinin təsis olunmasını BAXCP İdarə Heyəti həyata keçirir.
7.5. Vilayət, şəhər və rayon təşkilatı partiyanın Nizamnamə və Məramnaməsini mütəmadi olaraq pozduqda BAXCP sədrinin sərəncamlarını, Ali Məclisin, İdarə Heyətinin qərarlarını müntəzəm olaraq yerinə yetirmədikdə MNTK-nın təqdimatı ilə BAXCP Ali Məclisi həmin təşkilatının seçkili orqanlarını buraxa və yeni seçki keçirə bilər.
7.6. Vilayət, şəhər və rayon təşkilatlarının, eləcə də dayaq dəstələrinin fəaliyyəti əsasnamə ilə tənzimlənir.

8.BAXCP-nin qurultayı (konfransı)

8.1. BAXCP-nin ali orqanı qurultaydır. Qurultay ən geci dörd ildən bir çağırılır. Növbədənkənar qurultay  partiya sədri, Ali Məclis tərəfindən çağrıla bilər.
8.2. Qurultayın təxmini gündəliyi və nümayəndəlik norması növbəti qurultay  üçün azı iki ay, növbədənkənar qurultay üçün azı bir ay öncə elan edilir.
8.4. Qurultay:
-  partiyanı təsis edir;
- partiyanın Nizamnamə və Məramnaməsini qəbul edir, onlara əlavə və dəyişikliklər edir;
- partiya sədrinin, Ali Məclisin və MNTK-nın hesabatlarını dinləyir, müzakirə edir və onlara qiymət verir;
- növbəti dövrlər üçün partiyanın fəaliyyətinin başlıca istiqamətlərini müəyyənləşdirir;
- partiyanın sədrini seçir;
- MNTK-nın say tərkibini müəyyənləşdirir və üzvlərini seçir;
- Ali Məclisin (vilayət, şəhər, rayon təşkilatlarının konfransalarında seçilmiş) üzvlərini təsdiq edir;
- BAXCP-nin möhürünü, bayrağını, gerbini və digər rəmzlərini təsdiq edir;
- Qurultayın səlahiyyətinə aid olan istənilən məsələnin həlli üçün Ali Məclisə səlahiyyət verir;
- partiyanın fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edir.

9.BAXCP-nin Ali Məclisi

9.1. Ali Məclis vilayət, şəhər, rayon təşkilatlarının seçdiyi üzvlərdən və bu sayın 1/3-i qədər BAXCP sədri, BAXCP İdarə Heyəti və Ali Məclis üzvləri tərəfindən təqdim edilən namizədlər sırasından Ali Məclis tərəfindən seçilən üzvlərdən ibarətdir.
9.2. Ali Məclis:
- qurultaylararası dövrdə partiyanın fəaliyyətinə rəhbərlik edir;
- üç ayda bir dəfədən az olmayaraq Ali Məclisin sessiyalarını keçirir;
- BAXCP sədrinin təqdimatı ilə baş katibi və katibləri təsdiq edir;
- baş katib və katiblər istefa verdikdə və yaxud vəzifəsindən kənarlaşdırıldıqda BAXCP sədrinin təqdimatı ilə yeni baş katibi və katibləri təsdiq edir;
- qurultaydan sonrakı ilk iclasında Ali Məclisin ücdə bir hissəsi sayında yeni üzvlərini, Ali Məclisin sədrini, sədr müavinlərini, Ali Məclisin katibini seçir;
- yeni şəhər, rayon təşkilatlarının yaradılması ilə bağlı İdarə Heyətinin qərarlarını təsdiq edir;
- MNTK üzvü yeri boşaldıqda qurultaya  qədər həmin yerlərə üzvlər seçir;
- qurultaylararası dövrdə vilayət, şəhər, rayon təşkilatlarının konfransları tərəfindən (ümumi yığıncaqları) seçilmiş Ali Məclis üzvlərinin səlahiyyətlərini təsdiq edir;
- partiya həyatının müxtəlif sahələrini tənzimləyən əsasnamələr və Ali Məclisin reqlamentini qəbul edir, lazım gəldikdə Nizamnamənin ayrı-ayrı maddələrini təfsir edir;
- BAXCP üzvləri üçün vahid formalı partiya biletinin nümunəsini təsdiq edir;
- BAXCP-nin İdarə Heyətini formalaşdırır.
9.3. Qurultayın səlahiyyətlərinə aid məsələlər istisna olmaqla, partiya həyatının bütün digər məsələləri barədə qərarlar qəbul edir.
9.4. Partiyanın digər siyasi qurumlarla və ictimai birliklərlə əməkdaşlıq, siyasi blok, siyasi birliklər və ittifaqlarda iştirakı məsələlərini müzakirə edir və qərar qəbul edir;
- partiyanın adından mühüm bəyanatlar və müraciətlər verir;
- seçkilərdə və dövlət orqanlarının işində iştirakla bağlı məsələləri həll edir.
9.5. Ali Məclisin hər hansı qərarına partiya sədri tərəfindən veto qoyularsa, həmin qərar qüvvəyə minmir və növbəti iclasda təkrar səsverməyə qoyulur. Təkrar səsvermə zamanı həmin qərara Ali Məclis üzvlərinin ümumi sayının üçdə iki hissəsi səs verdikdə qərar qüvvəyə minir.
9.6. Ali Məclisin növbədənkənar sessiyası partiya sədrinin, İdarə Heyətinin, Ali Məclis üzvlərinin üçdə bir hissəsinin və MNTK-nın tələbi ilə ən geci on gün ərzində çağırılır.
9.7. Ali Məclis öz işini daxili reqlamentə uyğun şəkildə qurur.

10.Partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK)

10.1. MNTK-nın vəzifə və funksiyaları:
- partiyanın bütün orqanlarının, təşkilatlarının və üzvlərinin fəaliyyətinin BAXCP Nizamnaməsinə uyğun olmasına nəzarət edir;
- BAXCP üzvlərinə tətbiq edilən intizam tədbirləri ilə əlaqədar şikayətlərə baxır, müvafiq rəy verilməsinə dair qərar qəbul edir;
- partiyanın maliyyə işlərinə nəzarət edir;
- rayon, şəhər təşkilatları nəzarət qurumlarının işinə rəhbərlik edir.
10.2. MNTK qurultaydan sonra ilk iclasında özünün sədrini, müavinini və katibi seçir.
10.3. MNTK ayda azı bir dəfə iclas keçirir.
10.4. MNTK yalnız qurultaya tabedir.
10.5. MNTK-nın fəaliyyəti əsasnamə ilə tənzimlənir.

11.İdarə Heyəti

11.1. İdarə Heyəti məclislərarası dövrdə partiyanın ali kollegial orqanıdır.
11.2. İdarə Heyəti Ali Məclisin sesiyaları arasındakı dövrdə Nizamnamənin 9.4. bəndində Ali Məclisin səlahiyyətlərinə daxil olan məsələləri həll edir.
11.3. İdarə Heyəti BAXCP Ali Məclisinin qurultaydan sonrakı ilk iclasında formalaşdırılır. Partiyanın sədri, baş katibi, katibləri, Ali Məclisin sədri, müavinləri və katibi tutduqları vəzifələrə görə İdarə Heyətinə daxil edilirlər. Ali Məclis üzvləri sırasından İdarə Heyətinin digər üzvləri seçilir.
11.4. İdarə Heyətinin say tərkibini Ali Məclis müəyyənləşdirir.
11.5. İdarə Heyətinə partiyanın sədri rəhbərlik edir.
11.6. İdarə Heyəti:
- İdarə Heyətinin katibini seçir;
- iclaslarını həftədə bir dəfədən gec olmayaraq keçirir;
- partiyanın Nizamnamə və Məramnaməsinin tələblərini, qurultayın müəyyən etdiyi vəzifələri həyata keçirmək, Ali Məclisin qərarlarını reallaşdırmaq istiqamətində konkret qərarlar qəbul edir və tədbirlər həyata keçirir;
- partiya həyatının müxtəlif sahələrinə dair təlimatlar və digər sənədlər qəbul edir;
- rayon, şəhər təşkilatlarından daxil olan məsələlər barədə qərarlar qəbul edir;
- yeni rayon, şəhər təşkilatının yaradılması haqqənda qərar verir;
- İdarə Heyətinin fəaliyyəti əsasnamə ilə tənzimlənir.

12.Partiyanın sədri

12.1. Partiyanın fəaliyyətinə bilavasitə rəhbərlik edir, BAXCP-nin fəaliyyəti üçün məsuliyyət daşıyır və bundan ötrü partiya qurultayının qarşısında şəxsən hesabat verir.
12.2. İcra Aparatını formalaşdırır və istefaya göndərir.
12.2. Dövlət orqanları və idarələrində, digər siyasi partiya və ictimai təşkilatlarla münasibətlərdə, beynəlxalq əlaqələrdə partiyanı təmsil edir, partiya adından müraciət və bəyanatlarla çıxış edir, müqavilələr və sazişlər imzalayır.
12.3. Baş katibi və katibləri Ali Məclisə təsdiq üçün təqdim edir.
12.4. Baş katibin və katiblərin azad edilməsi üçün Ali Məclisə təqdimat verir.
12.5. Baş katib və katiblər istefa verdikdə və yaxud vəzifədən kənarlaşdırıldıqda yeni baş katibi və katibləri Ali Məclisə təsdiq üçün təqdim edir.

13.Baş katib

13.1. İcra Aparatına rəhbərlik edir;
13.2. Partiya sədri olmadığı hallarda onu əvəz edir.
13.3. İcra aparatının əməkdaşlarını partiya sədrinin razılığı ilə təyin edir və vəzifələrindən azad edir.
13.4. İcra Aparatının fəaliyyəti əsasnamə ilə tənzimlənir.

14.BAXCP-nin vilayət, şəhər və rayon təşkilatları

14.1. BAXCP-nin vilayət, şəhər və rayon təşkilatlarının konfransları (ümumi yığıncaqları) iki ildə bir dəfədən gec olmayaraq çağırılır.
14.2. Növbədənkənar konfranslar vilayət, şəhər, rayon təşkilatının məclisi tərəfindən, BAXCP sədrinin təqdimatı və ya MNTK-nın rəyi əsasında İdarə Heyəti tərəfindən ən geci bir ay ərzində çağırılır.
14.3. Vilayət, şəhər, rayon təşkilatı BAXCP Nizamnamə və Məramnaməsinə uyğun olmaq şərtilə vilayət, şəhər və rayon səviyyəli bütün məsələləri həll etməkdə müstəqildir.
14.4. Konfrans (ümumi yığıncaq) vilayət, şəhər və rayon təşkilatının sədrini, NTK-nı seçir, Məclis üzvlərinin səlahiyyətlərini təsdiq edir.
14.5. Vilayət, şəhər və rayon təşkilatının sədri təşkilatın fəaliyyətinə rəhbərlik edir və konfrans qarşısında hesabat verir.
14.6. Konfranslararası dövrdə vilayət, şəhər və rayon təşkilatının fəaliyyətinə konfransda iki il müddətinə seçilən və üç ayda azı bir dəfə öz iclasını keçirən Məclis rəhbərlik edir. Məclis ilk iclasında öz sədrini, müavini və katibi seçir.
14.7. Vilayət, rayon, şəhər təşkilatının Məclisi konfransdan sonrakı ilk iclasında vilayət, şəhər və rayon təşkilatının məclislərarası dövrdə kollegial orqanı olan İdarə Heyətinin tərkibini Nizamnamənin 11.3. bəndinə uyğun olaraq formalaşdırır.
14.8. Vilayət, şəhər və rayon təşkilatının Nəzarət-Təftiş Komissiyası konfransda (ümumi yığıncaqda) dörd il müddətinə seçilir, bilavasitə konfransa və BAXCP MNTK-ya hesabat verir.
14.9. Vilayət, şəhər və rayon təşkilatının məclisi Nəzarət Təftiş Komissiyasının təqdimatı ilə partiyanın Nizamnamə və Məramnaməsini mütəmadi olaraq pozan dayaq dəstəsini buraxıb yenisini yarada bilər.
14.10. BAXCP-nin şəhər və rayon təşkilatlarının fəaliyyəti əsasnamə ilə tənzimlənir.
14.11. Naxçıvan vilayət və Gəncə şəhər təşkilatının fəaliyyəti əsasnamə ilə tənzimlənir.

15.BAXCP-nin dayaq dəstələri

15.1. Dayaq dəstələrinə ümumi yığıncaqda seçilən sədr və onun müavini rəhbərlik edir;
15.2. 50 nəfərdən artıq partiya üzvünü birləşdirən dayaq dəstələrində İdarə Heyəti seçilir və həmin dayaq dəstələrində ümumi yığıncaqlar üç ayda bir dəfə, İdarə Heyətinin iclasları isə ayda bir dəfədən gec olmayaraq keçirilir.

16.BAXCP-nin hüquqi vəziyyəti, əmlakı və vəsaiti

16.1. BAXCP hüquqi şəxsdir, onun bankda hesablaşma və digər hesabları, Qurultayda və Ali Məclisdə təsdiq olunmuş rəmzləri (himn, emblem, bayraq və s.), dairəvi möhürləri, ştampı və sair rekvizitləri var.
16.2. Nizamnamədən irəli gələn vəzifələri yerinə yetirmək üçün BAXCP öz adından müqavilələr və sazişlər bağlayır, məhkəmədə cavabdeh və iddiaçı qismində çıxış edir.
16.3. BAXCP-nin mərkəzi qərargahı Bakı şəhərində yerləşir.
16.4. BAXCP-nin mülkiyyəti öz vəsaiti hesabına, həmçinin müxtəlif fiziki və hüquqi şəxslərin əvəzsiz yardımları hesabına yaranmış əmlakdan (binalar, avadanlıqlar, invertarlar, nəşriyyatlar, mətbəələr, nəqliyyat, rabitə, texniki vasitələr və s.) ibarətdir.
16.5. BAXCP-nin vəsaiti aşağıdakı mənbələrdən yaranır:
- üzvlük haqları;
- əmlakdan götürülən gəlir;
- partiya təşkilatları tərəfindən keçirilən tədbirlərin, partiyanın mətbu orqanlarının və digər nəşrlərin verdiyi gəlir;
- ölkə vətəndaşlarının, müəssisə və təşkilatların ianələri;
- seçki kompaniyası xərclərinin ödənməsi üçün daxil olan vəsait;
- aşağı təşkilatların ödəncləri;
- qanunla qadağan olunmayan digər fəaliyyət növlərindən götürülən gəlir.

17.Partiyanın fəaliyyətinə xitam verilməsi

17.1. BAXCP yalnız qurultayda, nümayəndələrin ən azı 2/3 hissəsinin razılığı ilə özünü buraxa bilər. Bu zaman partiyanın əmlakı zəruri hesablaşmalardan sonra qurultayın müəyyən etdiyi qaydada istifadə olunur.